MDB EKSPERTLƏRİ QANUNSUZ MİQRASİYAYA QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ PROQRAMI LAYİHƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 28-29-da Minskdə Birliyin iştirakçısı olan dövlətlərin 2009-2011-ci illərdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində Əməkdaşlıq Proqramı layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilmişdir.
MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2008-ci il 3 aprel tarixli qərarına müvafiq olaraq hazırlanmış proqram Birlik çərçivəsində yaradılmış ikinci belə sənəddir. Əvvəlki proqramın fəaliyyət müddəti bu il başa çatır.
Proqram MDB ölkələrinin qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığının bundan sonra da təkmişlləşdirilməsi məqsədi daşıyır. Sənəddə nəzərdə tutulan kompleks tədbirlər miqrasiya vəziyyətinin təhlilinə, onun inkişaf meyillərinin proqnozlaşdırılmasına, elmi tədqiqatların nəticələrinə və qanunsuz miqrasiyaya qarşı mübarizə praktikasına, o cümlədən Birlik ölkələrinin müvafiq qurumlarının birgə fəaliyyət təcrübəsinə əsaslanır.
Proqram razılaşdırılmış siyasətin hazırlanmasına və həyata keçirilməsinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın beynəlxalq-hüquqi bazasının inkişafına, bu sahədəki milli qanunvericilik aktlarının təkmilləşdirilməsinə və yaxınlaşdırılmasına, MDB ölkələrinin dövlət sərhədlərində sərhəd və miqrasiya nəzarətinin gücləndirilməsinə kömək göstərəcəkdir.
Bundan əlavə, birgə idarələrarası profilaktik, əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların keçirilməsi, kadrların hazırlanmasında və onların ixtisaslarının artırılması sahəsində qarşılıqlı fəaliyyət nəzərdə tutulmuşdur.