SİYASƏT
MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayının iştirakçıları Qəbələ rayonuna səfər etmişlər
![MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayının iştirakçıları Qəbələ rayonuna səfər etmişlər](/files/2013/3/1200x630/1407145127762316403_1200x630.jpg)
Qəbələ, 13 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, AMEA-nın Şərqşünaslıq İnstitutu və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə MDB ölkələrinin gənc şərqşünaslarının Bakıda keçirilən II qurultayının iştirakçıları Qəbələ rayonuna tanışlıq məqsədi daşıyan səfər etmişlər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə rayon tarix-diyarşünaslıq muzeyinə baxış keçirmişlər. Nümayəndə heyətinə məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat toplanmışdır. Muzeydəki arxeoloji, etnoqrafik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap məhsulları qonaqların diqqətini xüsusilə cəlb etmişdir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır.
Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqlar Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhərinin və bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketinə və aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinə maraqla tamaşa etmişlər. Muzeyin xatirə kitabı və tanınmış simaların muzey barədə qeydləri qonaqlarda xoş təəssürat yaratmışdır.
Daha sonra qurultay iştirakçıları rayonun Nic qəsəbəsindəki “Cotari” alban kilsəsinə baxmışlar. Qəsəbədə yaşayan azsaylı xalqların həyat tərzi və adət-ənənələri, kilsənin tarixi, fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Qəbələ ilə tanışlıq şəhər məscidinin yeni binasında davam etmişdir. Məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscidin sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü 25 metrdir. Burada eyni vaxtda 450 kişi və 150 qadın olmaqla, ümumilikdə 600 nəfər möminin ibadət etməsi üçün şərait yaradılmışdır. Məscidin müqəddəs “Qurani-Kərim”dən surələr həkk olunmuş divarları və sütunları, özündə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrini əks etdirən dini təsvirlər qonaqlarda maraq oyatmışdır.
Qəbələ şəhərinin görməli yerləri ilə yaxından tanışlıqdan sonra qonaqlar rayonun ecazkar təbiətinə heyran olduqlarını dilə gətirmiş, səfərdən məmnun qaldıqlarını bildirmişlər.