SİYASƏT
MDB PA-nın Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidə qrupunun əlaqələndiricisi təyin edilib
![MDB PA-nın Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidə qrupunun əlaqələndiricisi təyin edilib](/files/2024/1/1200x630/17050472503276013343_1200x630.jpg)
Bakı, 12 yanvar, AZƏRTAC
MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyasının Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə Qazaxıstan Respublikası parlamenti Senatının sədr müavini Jakıp Asanov MDB PA-nın Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidə qrupunun əlaqələndiricisi təyin edilib.
AZƏRTAC MDB PA Şurası Katibliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Jakıp Asanovun namizədliyi Qazaxıstan Respublikası parlamenti Senatı tərəfindən irəli sürülüb.
Hazırda MDB PA iştirakçı dövlətləri parlamentlərinin nümayəndələri, MDB PA-nın vəzifəli şəxsləri və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu yaradılır.
MDB PA-nın beynəlxalq müşahidəçiləri növbədənkənar prezident seçkilərinin monitorinqində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub.
Azərbaycan Konstitusiyasına əsasən, respublikanın Prezidenti yeddiillik müddətə seçilir.