Məcburi əmək insan istismarının bir formasıdır
Tovuz, 29 mart, Famil Quliyev, AZƏRTAC
Tovuzda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tədbirlər planına uyğun olaraq, “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev açaraq, ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Məcburi əmək haqqında” Konvensiyasına qoşulduğunu, həmin sənəddən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığını diqqətə çatdırıb.
Qeyd edib ki, cari ildə bu mövzuları əhatə edən 60-a qədər maarifləndirici tədbirin keçirilməsi planlaşdırılır. Tovuzda keçirilən tədbir isə sayca 14-cüdür.
22 saylı region ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Elçin Süleymanov çıxışında bildirib ki, ölkə Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz və həmin prinsip milli əmək qanunvericiliyində də əksini tapıb.
Tovuz Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Vidadi Aslanov, Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və digərləri məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən söz açıblar. Bildirilib ki, məcburi əmək insan istismarının bir formasıdır.
Seminarda məcburi əməyin qarşısının alınması sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyası, zəruri yardımlarla təmin edilməsi sahəsində görülən işlər barədə danışılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.