REGİONLAR
Məcburi köçkünlük həyatı yaşayan uşaqların qayğıları daim dövlətin diqqət mərkəzindədir
Sumqayıt, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıtdakı “28 May” Mədəniyyət Evində təşkil etdiyi bayram tədbirində məcburi köçkün həyatı yaşayan yüzlərlə balaca sakin iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə uşaqların firavan yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq məqsədyönlü işlərin görüldüyü vurğulanıb. Bildirilib ki, uşaqların hüquqlarının qorunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri bu siyasi kursun əsas özəyini təşkil edir.
Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib.
Diqqətə çatdırılıb ki, məcburi köçkünlük ömrü yaşayan qubadlılı uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması gündəmdə duran əsas məsələlərdəndir. Rayon üzrə məktəb tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür. Bu il Abşeron rayonunun “stansiya Sumqayıt” ərazisində məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə rayonun 3 məktəbi, eləcə də Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün binaların tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqları sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını alıb.
Sonra tədbir rayon uşaq musiqi məktəblərinin hazırladığı musiqili əyləncəli konsert proqramı, nağıl qəhrəmanlarının, şən klounların iştirakı ilə davam edib.