Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib
Bakı, 31 iyul, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.
Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.
Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.