Mədəniyyət Nazirliyinə tabe olan dövlət rəsm qalereyaları fəaliyyətini onlayn rejimdə davam etdirir
Bakı, 27 aprel, AZƏRTAC
Ölkəmizdə COVID-19 pandemiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyinə tabe olan dövlət rəsm qalereyaları da fəaliyyətlərini onlayn rejimdə davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyin sistemində əsas mədəniyyət müəssisələri kimi regionlarda yerləşən qalereyalar da öz fəaliyyətini günün tələbinə uyğun olaraq mövcud imkanlar daxilində qururlar.
Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən region qalereyalarının fəaliyyətinin təşkili işlərinə zəruri texniki dəstək göstərilir, onların əlaqəli fəaliyyəti təmin olunur, qalereya rəhbərləri ilə “Skype” üzərindən görüşlər keçirilir. Qalereyanın direktoru Qalib Qasımov tərəfindən “Risk və böhran dövrlərində qalereyaların idarəedilməsi”, “Bilgi menecmentinin əhəmiyyəti”, AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Ayaz Məmmədov tərəfindən “İnformasiya mübadiləsi, təhlil və əlaqələrin onlayn təminat vasitələri” mövzularında treninqlər keçirilib.
Mədəniyyət Nazirliyinin tabeliyində hazırda ölkənin müxtəlif şəhər və rayonlarında 32 qalereya fəaliyyət göstərir. Sumqayıt, Neftçala, Qusar, Şirvan, Biləsuvar, Goranboy, Saatlı, Zaqatala, Ağstafa, Qazax, Tovuz, Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Astara, Lerik, Cəlilabad və digər şəhərlərdə yerləşən dövlət qalereyaları tərəfindən ötən dövr ərzində mövcud imkanlar daxilində müxtəlif mövzuda onlayn sərgilər, rəssamların əsərlərinin təqdimatları, aksiyalar, rəssamların yaradıcılığına dair maarifləndirici videoçarxlar hazırlanıb.
Mədəniyyət Nazirliyi tərəfindən başladılan “Evdə qal evdə yarat!” təşəbbüsünə qoşulan Neftçala və Biləsuvar Dövlət Rəsm Qalereyaları onlayn şəkildə layihələr təqdim edərək öz töhfələrini veriblər.
Bununla yanaşı COVID-19 pandemiyası ilə əlaqədar fəaliyyətini onlayn rejimdə quran Qusar, Astara, Ağstafa, Qazax, Bərdə Dövlət Rəsm qalereyaları tamaşaçıların marağına səbəb olacaq sosial şəbəkələr vasitəsi ilə virtual sərgilər təşkil ediblər.
Pandemiyanın yaratdığı xüsusi karantin rejimi, həmçinin vətəndaşları evlərində asudə vaxtdan səmərəli istifadə etməyə, mövcud elektron resurslardan, yeni layihələrdən istifadə etməyə ən əsası yaradıcılığın əhatəsini genişləndirməyə, onu kəşf etməyə sövq edir.
Bu baxımdan Sumqayıt, Tovuz, Saatlı, Lerik və Zaqatala Dövlət Rəsm qalereyaları əməkdaşları tərəfindən hazırlanan maarifləndirici videoçarxlar, rəssamların həyat və yaradıcılığına həsr olunan müxtəlif layihələr, ustad dərslər onlayn şəkildə sənətsevərlərə və həmin bölgənin insanlarına təqdim olunmağa davam edir. Sosial şəbəkələrdə Biləsuvar, Lerik və Ağstafa Dövlət Rəsm qalereyalarının geniş auditoriyası var.