CƏMİYYƏT
Media: Qarabağın genişmiqyaslı bərpası Qərbin diqqət mərkəzindədir
Ankara, 29 sentyabr, AZƏRTAC
Türkiyənin “Haber Qlobal” xəbər kanalı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən irimiqyaslı layihələr barədə tamaşaçılara məlumat verib.
AZƏRTAC xəbər verir ki, Emre Öztürkün “Türk ölkəsinə böyük sərmayələr, Qarabağ Qərbin diqqət mərkəzindədir” sərlövhəli reportajında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işlərindən bəhs edilir.
“İkinci Qarabağ müharibəsinin dördüncü ildönümündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı genişmiqyaslı proqram və layihələr Qərb mediasının diqqətini cəlb edir, onlara əsasən Qarabağ sürətlə beynəlxalq investisiya, turizm və mədəniyyət mərkəzinə çevrilir. Azərbaycanın bu bölgəsində müasir infrastrukturun formalaşdırılması və sənayenin inkişafı layihələrinə ayrılan investisiyaların həcmi 6 milyard dolları ötüb”, - deyə reportajda deyilir.
Telekanal Qarabağın və Şərqi Zəngəzurun bərpası mövzusunda “EU Reporter” Avropa resursunun materialına diqqət çəkib.
Jurnalist Emre Öztürk qeyd edir ki, Avropa İttifaqına yaxınlığı ilə tanınan “EU Reporter” “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən çoxsaylı layihələr barədə oxuculara məlumat verib.
“Avropa resursu qeyd edib ki, erməni işğalı dövründə “bu ərazilərə diqqət yetirilməyib”, Azərbaycan isə qısa müddətdə ümumi sahəsi 17 min kvadratmetr km olan ərazilərdə işlərin aparılması üçün milyardlarla dollar investisiya ayırıb”, - deyə daha sonra reportajda vurğulanır.
“Haber Qlobal” xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə artıq 8 mindən çox insan qayıdıb. “Birinci mərhələdə 34 500 ailənin yerləşdirilməsi üçün şəraitin yaradılması nəzərdə tutulur”, - deyə Türkiyə telekanalının xəbərində bildirilir. Burada qeyd olunur ki, 2026-cı ilə qədər Azərbaycanın işğal olunmuş əraziləri müasir sənaye zonasına çevriləcək.
Eyni zamanda, genişmiqyaslı güzəştli vergitutma paketləri, o cümlədən on ilədək müddətə gömrük ödənişlərindən və ƏDV-dən azad olunmaqla investorların və sahibkarların stimullaşdırılması planlaşdırılır. Bundan əlavə, dövlət sosial sığorta və güzəştli kreditləşmə məsələlərində biznesi həvəsləndirəcək.
“Azərbaycan hökumətinin planlarına Şuşanın beynəlxalq turizm mərkəzinə çevrilməsi, eləcə də yaxın üç ildə regionda su elektrik stansiyalarının gücünün dörd dəfə artırılması daxildir”, - deyə “Haber Global” reportajında vurğulanır.
Telekanal Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisinə yatırdığı sərmayələrdən də bəhs edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara