SİYASƏT
Məhəmməd Əbül Kair: Bakıda İSESCO-nun uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransının keçirilməsi qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir
Bakı, 8 noyabr (AZƏRTAC). Bakıda İSESCO-nun uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransının keçirilməsi qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Bu tədbirin beynəlxalq aləmdə önəmi əvəzolunmazdır.
Bu sözləri Bakıda keçirilən İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının iştirakçısı Banqladeşin Qadın və Uşaq Problemləri Nazirliyinin ictimaiyyətlə iş üzrə məsul katibi Məhəmməd Əbül Kair AZƏRTAC-a müsahibəsində demişdir.
Azərbaycanın belə mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsini təqdirəlayiq hal kimi dəyərləndirən M.Kair bildirmişdir ki, konfransın daha bir əhəmiyyəti onun qadın və uşaqlara olan qayğının artırılması, qlobal təhlükəsizlik məsələlərinə də diqqət yetirməsidir. Qonaq demişdir: “Bu tədbir bizə bir sıra mühüm məsələlərin müzakirəsi və həlli yollarının tapılmasına imkan yaradır. Konfrans çərçivəsində Liviyada böhrandan çıxmağın yolları, millətlərarası münasibətlərin möhkəmləndirilməsi məsələləri üzərində müzakirələr aparılacaqdır”.
Bakıya ilk dəfə gəldiyini deyən M.Kair şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açmışdır.
Ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan qonaq ötən gecə Bakını gəzdiyini qeyd edərək demişdir: “Gəzməli yerləriniz, fəvvarələriniz hər kəsdə yaxşı təəssürat yaradır. Burada hər şey səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər”.