DÜNYA
Meksikanın ilk qadın prezidenti qasırğanın vurduğu Gerrero əyalətinə gedib
Bakı, 2 oktyabr, AZƏRTAC
Solçu siyasətçi Klaudiya Şeynbaum Meksikanın ilk qadın prezidenti kimi and içdikdən bir gün sonra “Con” qasırğasının vurduğu zərəri yerində görmək üçün ölkənin cənubundakı Gerrero əyalətinin Akapulko şəhərinə gedib.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində regionda onlarca insan həlak olub, böyük ərazilər su altında qalıb.
Qeyd edək ki, Meksika dünyanın 12-ci ən böyük iqtisadiyyatıdır və Almaniyanın Latın Amerikasındakı ən mühüm ticarət tərəfdaşıdır. Xarici şirkətlər mallarını ABŞ bazarına rüsumsuz çıxarmaq üçün bu ölkədə istehsal edir. Meksika təhlükəsizliklə bağlı vəziyyətin pis olmasına baxmayaraq iqtisadi inkişafa nail olub.
Fizik və iqlim eksperti olan Klaudiya Şeynbaum 2024-cü il iyunun 2-də keçirilən prezident seçkilərində qələbə qazanıb. Oktyabrın 1-də dövlət başçısı postunda vəzifəsinin icrasına başlayan Meksikanın ilk qadın prezidenti qarşıdakı altı il ərzində təxminən 130 milyonluq ölkəni idarə edəcək. O, 2000-ci ildə ətraf mühit naziri, daha sonra paytaxt rayonunun meri, 2018-ci ilin dekabrında isə paytaxtda hökumət başçısı vəzifəsində çalışıb. Hakim “Morena” partiyasından prezidentliyə namizəd olmaq üçün vəzifəsindən istefa verib.