Məktəblilər Azərbaycan Ordusunun qüdrəti və döyüş texnikası haqqında məlumatlandırılıblar
Bakı, 30 mart, AZƏRTAC
Bakının Nizami rayonundakı Ə.Mahmudov adına məktəb-liseyin bir qrup şagirdinin “N” hərbi hissəsinə ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, məktəblilərə hərbi hissənin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verilib. Məktəblilər hərbi hissənin arsenalındakı silah-sursat, mühəndis, rabitə cihazları və avadanlıqla, səyyar təşviqat guşələri, mənəvi-psixoloji təminat vasitələri ilə əyani tanış olublar. Onlara hərbi hissənin şəxsi heyətinin gündəlik iş rejimi və nizam-intizam qaydaları, eyni zamanda, Azərbaycan Ordusunun qüdrəti, malik olduğu döyüş texnikasının potensialı haqqında ətraflı məlumat verilib. Qonaqlar hərbi hissənin ərazisi, əsgər yataqxanası, tibb məntəqəsi, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olduqdan sonra hərbi qulluqçularla birgə nahar ediblər. Hərbi hissədə təşkil olunan konsert proqramında iştirak etdikdən, maraqlı səhnəcikləri izlədikdən sonra şagirdlər hazırladıqları məktubları əsgərlərə veriblər.
Sinif rəhbəri Gülnarə Quliyeva tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və liseyin direktoruna, eləcə də hərbi hissənin komandanlığına minnətdarlığını bildirib. Qeyd edib ki, belə tədbirlərin və ekskursiyaların təşkili ordu-xalq əlaqələrinin möhkəmlənməsində, suverenliyimizin qarantı olan ordumuza inamın və ehtiramın aşılanmasında, şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Uşaqlıq dövründə aşılanan vətənpərvərlik hissi, Vətən, torpaq sevgisi, Vətənin müdafiəsinə hazırlaşmaq duyğuları böyük əhəmiyyət daşıyır və onların yaddaşında silinməz izlər qoyur. Vətəni qorumaqdan danışanda ilk ağla gələn ordu və hərbçilərimiz olur.
Ölkəmizdə hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən danışan G.Quliyeva “Vətəni və bizi qoruyan ordumuzu sevir, əsgərimizlə qürur duyuruq” devizi altında şagirdlərimizin mütəmadi olaraq hərbi hissələrə, qoşun növlərinə və xüsusi təyinatlı təhsil müəssisələrinə ekskursiyalarının təşkil edilməsinə başlanıldığını vurğulayıb. O, bu təşəbbüsə verilən dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsinə gələn şagirdlər hərbi gəmilərlə tanış olublar.
Məlumat verilib ki, HDQ-nin gəmiləri Xəzər dənizinin Azərbaycana aid sektorunda əsasən neft-qaz hasilatı rayonlarının, ixrac boru kəmərlərinin olduqları rayonların mühafizəsi və müdafiəsi ilə məşğul olur. Eləcə də HDQ mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması, Xəzər dənizində üzmə rejiminə əməl edilməsi, ümumilikdə Xəzərin Azərbaycana aid sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə tapşırıqları yerinə yetirir. Gəmilərimizin bir qismi də Hərbi Dəniz Qüvvələrinin daxili tələbatlarına uyğun tapşırıqları yerinə yetirir. Hərbi gəmilərin fəaliyyət istiqaməti, şəxsi heyəti, döyüş qabiliyyəti və davamlılığı haqqında ətraflı məlumat verildikdən sonra məktəblilər dənizçilərin sosial-məişət şəraitləri ilə yaxından tanış olublar.
Ekskursiya ilə bağlı təəssüratlarını bölüşən şagird Əli Cəfərli deyib: “Artıq neçənci dəfədir ki, Vətənimizin müdafiəsində dayanan əsgərlərimizin görüşünə gəlirik. Hər görüşümüz yaddaqalan olur. Hərbi hissələrdə yaradılan şəraitlə, silah və texnikalarla tanış olduqca hərb sənətinə marağımız artır. Gələcəkdə ömrümü hərb sənətinə bağlamaq və hərbçi olmaq istəyirəm. Arzu edirəm ki, işğal altındakı torpaqlarımızı hərbçilərimizin gücü, qətiyyəti sayəsində azad edib, belə ekskursiyalarımızı Şuşada, Kəlbəcərdə, Zəngilanda tikiləcək hərbi hissələrimizdə keçirək”.
Şagird Yusif Əliyev bildirib ki, əsrlərboyu düşmən torpaqlarımıza, tükənməyən sərvətlərimizə göz dikib. İgid oğullarımız, qeyrətli qızlarımız sinəsini Vətənə sipər edərək, mənfur düşmənə layiqli cavab veriblər. Hamı bilir ki, Azərbaycan torpağı igid oğullar, qızlar yetişdirib. Dərslərdə Cavanşir, Babək, Koroğlu və digər qəhrəmanlarımızı tanıdıqca fəxr edirik. Qarabağ müharibəsində də yurdumuzun igid oğulları Vətənimizin harayına qalxdılar. Bu savaş yurdumuza Mübariz, Çingiz, Raquf, Murad kimi neçə-neçə qəhrəman bəxş etdi. Tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətəninə sadiqdir, onun yolunda canlarını qurban verməyə hazırdırlar. Belə oğullarımızın davamçıları olan hərbçi qardaşlarımızla görüşmək məndə ikiqat qürur hissi doğurur.
Şagirdlərdən Said Babayev, Rəşad Yadullayev, Murad Bayramov, Əlinaqi İsmayılov və digərləri Vətənə olan sevgilərindən, övladlıq borclarını yerinə yetirəcəklərindən danışıblar. Qeyd ediblər ki, hərb sənətinə maraqlarının artırılmasında belə ekskursiyaların rolu danılmazdır. Onlar yeni-yeni vərdişlər əldə edir, hərb sənətinin müəyyən sirlərinə yiyələnirlər.
Məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələrin qoyulması heç də təsadüfi deyil. Hərbi vətənpərvərlik tərbiyəsi bir amala - gəncləri Vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət edir. Buna görə də Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, Vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır.