Sonra respublikanın xalq artisti, Prezident mükafatçısı MƏLƏKXANIM ƏYYUBOVA söz açaraq dedi: Çox hörmətli sənət dostlarım, elm adamları, incəsənət xadimləri! Bugünkü gündə dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevə yalnız cansağlığı, uzun ömür arzulayıram. Qarşıdakı seçkilərdə, inşallah, biz onu müdafiə edəcəyik. Ölkəmizin və xalqımızın naminə ona bir daha cansağlığı arzulayırıq. Akademik KAMAL TALIBZADƏ “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulanları ürəkdən alqışlayaraq dedi ki, biz bu gün oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müstəqil Azərbaycanımızın Prezidenti Heydər Əlirza oğlu Əliyevi dəstəkləyəcəyimizi bildirmək üçün yığışmışıq. Onun siyasi istedadı və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan bu gün qüdrətli, müasir, müstəqil dövlət səviyyəsinə yüksəlmişdir. Məlumdur ki, Prezidentimiz Azərbaycanın məşhur elm, incəsənət, ədəbiyyat xadimləri haqqında illər boyu söz demiş, fikir söyləmiş, Azərbaycanın mədəni inkişafında onların xidmətlərini yüksək qiymətləndirmişdir. Söylənən fikir və qənaətlərdə Heydər Əliyev konsepsiyasının necə reallaşmasının aydın mənzərəsi, məzmunu açıqlanır. Bu konsepsiyada günün estetik tələblərinə cavab var. Təbii təfəkkürü duya bilən zövq var, xalqda doğma və yad olan məqamları fərqləndirmək istedadı var. Bu konsepsiyanı açıqlamaq üçün möhtərəm Prezidentimizin “XXI əsr” jurnalı müxbirinin suallarına cavablarının bir neçəsini xatırlatmaq istəyirəm. İstəyirəm diqqət yetirəsiniz. Bu, çox vacib məqamdır. Dövlətimizin başçısı ona ünvanlanan suallara belə cavab vermişdir:
SUAL: Ən çox sevdiyiniz şer...
CAVAB: Səməd Vurğunun Azərbaycan şeri.
SUAL: Ən çox sevdiyiniz şair...
CAVAB: Şəhriyar.
SUAL: Ən çox sevdiyiniz mahnı...
CAVAB: Xalq mahnıları.
SUAL: Ən çox sevdiyiniz bəstəkar...
CAVAB: Üzeyir Hacıbəyov.
SUAL: Ən çox sevdiyiniz pyes...
CAVAB: Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi.
SUAL: Ən çox sevdiyiniz bayram...
CAVAB: Novruz bayramı.
Mətləb aydındır, konsepsiya da aydındır. O şey ki, Azərbaycanla, Azərbaycan xalqı ilə, Vətənlə, türkçülüklə, İslamla, Azərbaycan xalqının mədəniyyəti, zövqü ilə bağlıdır, o, həm də möhtərəm Prezidentin zövqü, fikri və maraq dünyası ilə, milli mədəniyyətimizə münasibəti ilə bağlıdır.
Qarşıdan bizi prezident seçkiləri gözləyir. Biz mədəniyyət, elm adamları yeganə namizədimiz Heydər Əliyevi mütləq dəstəkləyəcəyik. Qoy, Ulu Tanrı, qadir Allah ona yar olsun!