Memar Aysel Hüseynova: “Şəhərsalma və Memarlıq İli” sahənin inkişafına təkan verəcək
Bakı, 5 fevral, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli”nin elan olunması memarlıq və şəhərsalma sahəsinin dövlət siyasətində prioritet istiqamət kimi önə çəkildiyini göstərir. Bu təşəbbüs memarlar və dizaynerlər üçün mühüm imkanlar yaradır. İl çərçivəsində yeni layihələrin, müsabiqələrin, tədqiqat proqramlarının və beynəlxalq əməkdaşlıqların artması gözləniləndir. Xüsusilə gənc memarlar üçün ideyalarını reallaşdırmaq, konseptual layihələrlə çıxış etmək və peşəkar mühitdə təcrübə qazanmaq baxımından bu dövr böyük fürsətlər vəd edir.
Bunu AZƏRTAC-a açıqlamasında memar Aysel Hüseynova deyib.
Onun sözlərinə görə, memarlıq yalnız bina dizaynı ilə məhdudlaşmır, eyni zamanda sosial, mədəni və ekoloji məsuliyyət daşıyan bir sahədir. Bu baxımdan “Şəhərsalma və Memarlıq İli” memarların qərarvermə proseslərində və şəhər strategiyalarının formalaşmasında daha fəal iştirakına şərait yarada bilər.
Memar vurğulayıb ki, şəhər sadəcə yaşadığımız fiziki məkan deyil, gündəlik olaraq insanın psixoloji durumuna təsir edən canlı bir mühitdir. Buna görə də şəhərsalma strukturları elə qurulmalıdır ki, insan həmin məkanlarda özünü rahat, komfortlu, güvənli və daxili balansda hiss etsin.
Aysel Hüseynovanın fikrincə, Azərbaycanda şəhərsalma prosesində mühit anlayışı daha mərkəzi mövqeyə çəkilməlidir. Məkanın yaratdığı işıq, səs, miqyas, material və boşluq hissi insanın şüuraltında birbaşa iz buraxır. Bu təsir çox zaman fərqində olmadan baş versə də, uzunmüddətli perspektivdə insanın psixoloji vəziyyətinə, davranışına və şəhərlə münasibətinə ciddi təsir göstərir.
Bu kontekstdə memarlıqda və şəhər mühitində instalyasiya yanaşmalarının tətbiqinin önəmli olduğunu qeyd edən memar bildirib ki, instalyasiyalar məkanı təkcə vizual deyil, həm də qavranılan və emosional səviyyədə oxumağa imkan verir. Belə məkanlarda insan sadəcə baxan deyil, hiss edən, düşünən və reaksiya verən subyektə çevrilir. Bu isə şəhərin insanın şüuraltına daha dərin şəkildə təsir göstərməsinə şərait yaradır.
“Fenomenoloji baxımdan yanaşdıqda, məkanın əsas sualı “necə görünür?” deyil, “orada olmaq necə hiss etdirir?” olmalıdır. Uğurlu şəhərsalma insanın məkanla qurduğu bu təcrübəni düzgün istiqamətləndirə biləndir. İnsan şəhərin içində itmir, əksinə özünü tapırsa, deməli, məkan öz funksiyasını yerinə yetirir”, - deyə A.Hüseynova əlavə edib.