İQTİSADİYYAT
Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, mövcud məzənnə rejiminə uyğun olaraq, bank tərəfindən cari ilin ötən dövründə Blumberq ticarət sistemində mütəmadi olaraq birtərəfli valyuta satışı üzrə hərraclar təşkil edilib. Bu hərraclar vasitəsilə Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta satışları həyata keçirilib. Bu hərraclar ötən dövrdə valyuta bazarının tənzimlənməsində və məzənnə siyasətinin reallaşdırılmasında mühüm rol oynayıb.
Bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Blumberq ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişatında ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.
Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaq. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alğı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.