CƏMİYYƏT
Mərkəzi Neftçilər Xəstəxanasının həkimi dünya endouroloji konqresində Azərbaycan tibbinin nailiyyətləri ilə bağlı məruzə etmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Azərbaycanda endourologiya sahəsində xüsusi xidmətləri olan həkimlər Türkiyənin İstanbul şəhərində dünya endouroloji konqresində iştirak etmişlər.
Konqresin Azərbaycan üzrə əlaqələndiricisi, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Rəşad Məmmədov toplantıda məruzə ilə çıxış etmişdir. Tanınmış cərrah məruzəsində Azərbaycanda endourologiya elminin inkişafından, laparoskopik urologiyadakı nailiyyətlərimizdən söz açmışdır.
Rəşad Məmmədov AZƏRTAC-a bildirmişdir ki, 38 ölkədən 2.500 mütəxəssisin iştirak etdiyi konqresdə ölkəmizin bu sahədə nailiyyətlərindən danışılmış, o cümlədən dünyanın bu sahə üzrə nüfuz sahibləri ilə əlaqələr yaradılmışdır.
R.Məmmədov demişdir:” Dünya Gənc Uroloqlar Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi Asif Cahangirovun dəstəyi ilə bu toplantıda ölkəmizdən 17 gənc uroloq iştirak etmişdir. Əminəm ki, bu konqres onlar üçün səmərəli keçmişdir. Bütün bunlar Azərbaycanda səhiyyənin günbəgün inkişafının və ölkə rəhbərliyinin səhiyyəyə göstərdiyi qayğının əyani sübutudur.”
Xatırladaq ki, Rəşad Məmmədov Azərbaycanda robotik uroloji cərrahiyyə üzrə ilk təhsilli mütəxəssisdir. Onun elmi işi beynəlxalq mükafata layiq görülmüşdür