Məsqət Beynəlxalq Kitab Sərgisinin rəhbəri AZƏRTAC-ın stendini ziyarət edib
Bakı, 6 oktyabr, AZƏRTAC
“Biz ilk dəfədir Bakı Beynəlxalq Kitab Sərgisinə iştirakçı qismində qatılmışıq. Gələcəkdə Azərbaycanda keçirilən layihələrdə fəal iştirak etməyi planlaşdırırıq. Düşünürəm ki, bu sərgi Azərbaycanla Oman arasındakı əlaqələrin güclənməsində mühüm rol oynayacaq”.
Bu sözləri X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edən Omanın paytaxtı Məsqət şəhərində yerləşən Beynəlxalq Kitab Sərgisinin rəhbəri Ahmed Ayravaxi (Airawahi) AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib.
Bildirilib ki, sərgi çox maraqlıdır və geniş auditoriyanı əhatə edir. “Azərbaycanda mədəniyyətə, kitaba böyük diqqət və qayğını görmək mümkündür. Azərbaycan mədəniyyətinin Omanda təbliği üçün önəmli addımlar atırıq”, - deyə Ahmed Ayravaxi əlavə edib.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.