MƏDƏNİYYƏT
Milli Fəaliyyət Proqramının icrası məqsədilə şəhər, rayon mərkəzi kitabxanalarının qarşısında ciddi vəzifələr qoyulmuşdur
Bakı, 9 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncam ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda digər sahələrlə yanaşı, kitabxanalarda da insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi Milli Fəaliyyət Proqramının icrası məqsədilə şəhər, rayon mərkəzi kitabxanalarının qarşısında ciddi vəzifələr qoymuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qarşıya qoyulan konkret vəzifələrə əsasən, şəhər, rayon mərkəzi kitabxanalarında bu məqsədlə yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir.