MƏDƏNİYYƏT
Milli Kitabxanada Xalq artisti Firəngiz Əlizadəyə həsr olunan kitablar və kompakt disklər təqdim edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16541859885964820442_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541859881372624017_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654185988498375352_1200x630.jpg)
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Firəngiz Əlizadəyə həsr olunan kitabların və kompakt disklərin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Xalq artisti Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə keçirilən musiqi festivalı çərçivəsində Milli Kitabxanada təşkil olunub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq deyib: “Bu gün kitabxanada musiqi bayramıdır, sənətşünaslıq bayramıdır. Həmişə Milli Kitabxanada kitab təqdimatları keçirilir, bu gün isə tam fərqli təqdimata - Firəngiz Əlizadənin gördüyü işlərin təqdimatına yığışmışıq. Firəngiz xanımı hər kəs tanıyır və sevir. Bir neçə gün öncə Bəstəkarlar İttifaqında nümayiş olunan Firəngiz Əlizadəyə həsr olunan filmə baxarkən onun yaradıcılığının möhtəşəmliyinin bir daha şahidi oldum. Mayın 31-dən iyunun 4-dək Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr olunan musiqi festivalı keçirilir. Festivalın əsas məqsədi görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığının yubiley çərçivəsində bir daha musiqisevərlərə təqdim etməkdir”.
Vurğulanıb ki, F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Firəngiz Əlizadənin əsərləri həm Vətənində, həm də onun hüdudlarından kənarda tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib. Musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə UNESCO-nun “Sülh artisti” mükafatına da layiq görülüb. Azərbaycan xalqı durduqca Firəngiz xanımın müəllifi olduğu əsərlər yaşayacaq, heç vaxt unudulmayacaq.
Sonra Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan qısa klip təqdim olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirib. Bu gün festivalın artıq 3-cü gününü yaşayırıq, bu günlər ərzində konsert proqramları, film nümayişləri, müxtəlif tədbirlər keçirilib.
Sonra o, təqdim olunan kompakt disklər və kitablar haqqında iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova dəfələrlə Milli Kitabxanada kitab, not məcmuələrinin təqdimatında iştirak etdiklərini söyləyib: “Bu gün isə Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə keçirilən musiqi festivalı çərçivəsində ona həsr olunan kitabların və kompakt disklərin təqdimat mərasiminə toplaşmışıq. Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, çoxsaylı mükafatlara layiq görülüb”.
Z.Qafarova bildirib ki, məhz bu kitablar və kompakt disklər onun yaradıcılığının şah əsəri sayılır.
Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, Naxçıvan Dövlət Universitetinin musiqi sənəti kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova və digərləri çıxış edərək Firəngiz Əlizadəni yubiley münasibətilə təbrik edib və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda qonaqlar Firəngiz Əlizadənin həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.