SİYASƏT
Milli Məclisdə “Bələdiyyələrin hesabatları haqqında” yeni qanun layihəsi hazırlanacaqdır
Bakı, 12 sentyabr (AZƏRTAC). Milli Məclisin payız sessiyasında parlamentin komitələri fəaliyyətə başlamışdır.
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də parlamentin regional məsələlər komitəsinin ilk iclası keçirilmişdir. İclasda komitənin payız sessiyası üçün iş planı təsdiqlənmişdir.
Komitənin sədri Arif Rəhimzadə rəhbərlik etdiyi qurumun Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabat vermişdir. Bildirilmişdir ki, hesabat dövründə komitənin 8 iclası keçirilmiş, ümumilikdə 12 məsələyə baxılmışdır. Bununla yanaşı, həmin dövrdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilmiş, bələdiyyələrlə bağlı bir neçə qanuna əlavələr və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər yerlərdə bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərmişdir. Sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunmuşdur.
Komitənin üzvləri dəvət olunduqları beynəlxalq tədbirlərdə iştirak etmiş, Azərbaycanın haqq səsini müdafiə etmişlər. Yerlərdə vətəndaşlarla görüşlər keçirmiş, onların problemlərinin həllinə kömək göstərmişlər.
Müzakirələr zamanı deputatlardan Tahir Rzayev, Fəzail İbrahimli, Rüstəm Xəlilov, Azər Badamov Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək rəy və təkliflərini bildirmiş, komitənin yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
Sonra komitənin payız sessiyası üçün qanunvericilik işləri planına baxılmış və təsdiqlənmişdir. Qeyd olunmuşdur ki, payız sessiyasında komitədə “Bələdiyyələrin hesabatları haqqında” yeni qanun layihəsi hazırlanaraq müzakirəyə çıxarılacaqdır. Eləcə də bələdiyyələrin təklifi ilə Torpaq Məcəlləsində, həmçinin daha bir neçə hüquqi sənəddə dəyişikliklər olunmasına dair qanun layihələrinə baxılacaqdır.
İclasda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılmış və sənəd təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.