MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 4-də Milli Məclisin sədri Murtuz Ələsgərov Türkiyənin ədliyyə naziri Cəmil Çiçəki və onu müşayiət edən şəxsləri qəbul etmişdir. Qardaş ölkənin ədliyyə naziri ilə söhbət zamanı parlamentin sədri Azərbaycanla Türkiyə arasındakı siyasi, iqtisadi və mədəni münasibətlərdən ətraflı danışaraq, xalqlarımızın ənənə və mənafelərinin eyni olduğunu vurğuladı. O dedi ki, dövlətlərimizin zamanın sınağından çıxmış dostluq əlaqələri Azərbaycan müstəqillik qazandıqdan sonra keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında çox böyük rol oynamışdır. Azərbaycan Prezidenti Heydər ƏliyevinTürkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl və indiki dövlət başçısı Əhməd Necdət Sezər ilə görüşləri, danışıqlar nəticəsində imzalanmış sənədlər qarşılıqlı surətdə faydalı əlaqələrin təməlini qoymuşdur. İndi Türkiyənin müxtəlif şirkətləri Azərbaycan iqtisadiyyatına böyük məbləğdə sərmayə qoyur, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq günbəgün genişlənir. Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirdi ki, erməni tərəfi işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, habelə mötəbər beynəlxalq təşkilatların digər sənədlərinə indiyədək məhəl qoymur. O, qardaş Türkiyənin ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyini və Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla sərhədi açmamaq niyyəti barədə Türkiyə hökümətinin bəyanatını minnətdarlıq hissi ilə qeyd etdi. Murtuz Ələsgərov qonaqlara oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıq haqqında məlumat verərək dedi ki, seçkilərdə Azərbaycan xalqının böyük əksəriyyəti sabitliyin, təhlükəsizliyin və ölkənin tərəqqisinin təminatçısı olan Heydər Əliyevə səs verəcəkdir. Türkiyənin ədliyyə naziri Cəmil Çiçək qardaş və dost Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirərək qeyd etdi ki, buraya gəldiyi vaxtdan bəri o, böyük müsbət dəyişikliklərin və ölkəmizin tərəqqisinə yönəldilmiş çox geniş işlərin şahidi olmuşdur. Qonaq ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın perspektivlərindən ətraflı danışaraq dedi ki, bütün sahələrdə əməkdaşlığın bugünkü yüksək səviyyəsi, əlbəttə, Türkiyə və Azərbaycanın dövlət başçılarının xidmətidir. Cəmil Çiçək Dağlıq Qarabağ münaqişəsindən söz açaraq vurğuladı ki, qardaş Türkiyə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və həmişə dəstəkləyəcəkdir. Nazir dedi: “Ötən əsrin 20-ci illərində biz də belə çətinliklərlə qarşılaşmışdıq. Biz bu fikirdəyik ki, Türkiyə kimi, Azərbaycan da çətinlikləri aradan qaldıracaq və ərazi bütövlüyünü bərpa edəcəkdir”. Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz iştirak edirdi.