CƏMİYYƏT
Milli Məclisin deputatları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616769953435805764343_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616769953433644254073_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_16167699534354555813_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_161676995343196545698_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616769953433276846714_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_161676995343295322745_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616769953435224514480_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616769953433470024090_1200x630.jpg)
Bakı, 21 fevral, AZƏRTAC
Milli Məclisin bir qrup deputatı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və komitə üzvləri arasında görüş keçirilib.
Görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun çərçivəsində görülən işlərdən danışıb.
Eyni zamanda, görüşdə qonaqlar AQTİ-nin fəaliyyət istiqamətləri haqqında məlumatlandırılıb. Qeyd edilib ki, respublikada qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı deputatlara ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumat verilib. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması sahəsində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilən uğurlar diqqətə çatdırılıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və deputat Azər Badamov institutda bitki və heyvan mənşəli məhsulların, qidaların tərkibini dəqiq müayinə edən mükəmməl laboratoriya və avadanlıqların, kadr potensialının olmasını yüksək dəyərləndiriblər.
Görüşdən sonra deputatlar AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.