SİYASƏT
Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcəklər
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun monitorinq komitəsinin iclasında iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Maltada səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitə iclasında Albaniya tərəfindən təşkilat qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı durumu, Makedoniya, Monako və Bolqarıstanda aparılmış monitorinqin nəticələri barədə müzakirələr aparılacaqdır.
Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, fikirlərini bölüşəcəklər.
Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov və deputat Fazil Mustafa AŞPA-nın hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 2-dən 4-dək Fransada səfərdə olacaqlar.
Parisdə keçiriləcək toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik təsisatlar, tüfeyli həyat tərzi keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər müzakirə ediləcəkdir.
Milli Məclisin deputatı Sahibə Qafarova isə AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 3-dən 6-dək Avstriyada səfərdə olacaqdır.
Vyana şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizənin yolları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan qaldırılması, onların hazırkı durumu və hüquqları barədə fikir mübadiləsi aparılacaqdır.