SİYASƏT
Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilmişdir.
Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verərək demişdir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq müvafiq maddələrdə “Vergi qanunları” sözləri “Məcəllə” sözü ilə əvəz olunur. Eyni zamanda, dəyişikliklərə əsasən Məcəlləyə vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı yeni bir maddə də əlavə edilir.
Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna yeni bir maddə əlavə edilmişdir ki, bu maddəyə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının alınması və dövlət reysterindən çıxarılması 2-3 gün müddətində həyata keçirilir.
Aparılan müzakirələrdə bildirilmişdir ki, bütün bu dəyişikliklər qanunvericiliyin təkmilləşməsinə xidmət edir.
Müzakirələrdən sonra gündəlikdə duran bütün məsələlərin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunmuşdur.