Milli Məclisin növbədənkənar iclası keçirilib [YENİLƏNİB]
Bakı, 19 yanvar, Əsəd Məmmədov, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Deputatlar "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə baxıblar. Həmçinin Vergi, İnzibati Xətalar məcəllələrində, "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə birinci zərfə daxil olan qanun layihələri barədə məlumat verib. Komitə sədri deyib: “Bizə təqdim edilən zərfə daxil olan qanun layihələri sistemli təhlilin nəticəsidir. “Əmanətlərin sığortalanması haqqında” Qanun bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilib. Yeni daxil olmuş layihədə bu Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əvvəllər 500 manata qədər olan hissədən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividendlərdə heç bir faiz tutulmayacaq. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların şəraitinin yaxşılaşdırılması ilə bağlı maddələr nəzərdə tutulub. Çətinliklər olanda onların sığortalanması məsələsini də hökumət öz üzərinə götürür”.
Komitə sədri qeyd edib ki, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi də Milli Məclisə təqdim olunub. Bu qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər. Yeddi maddədən ibarət olan qanunun əsas məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunması, bank sisteminin dayanıqlılığının təmin edilməsi, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.
Komitə sədri qeyd edib ki, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadi sahələrin, real sektorun yaradılmasına yönəldilib. Məcəllənin 102-ci maddəsinə edilən dəyişikliklərə əsasən, fevralın 1-dən etibarən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitet tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend diskont (istiqrazların nominallığından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edilir.
Ziyad Səmədzadə qeyd edib ki, yaranmış şərait valyuta sisteminin daha da tənzimlənməsini tələb edir. "Valyuta tənzimi haqqında" Qanuna edilən dəyişikliklər ölkədən çıxan valyuta ehtiyatlarının miqdarının müəyyən edilməsi məqsədinə xidmət edir. Qanun layihəsində qeyd olunur ki, bank materiallarının Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (dövlətin tam mülkiyyətində olan, habelə kapitalından dövlətin iştirak payı 50 faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) birbaşa investisiya əməliyyatı üzrə əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycandan kənara xarici valyutanı köçürə bilər.
Sonra deputatlar qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər. Müzakirələr zamanı bildirilib ki, Milli Məclisə təqdim olunan bu layihələr iqtisadiyyatın inkişafına mühüm təsir göstərəcək. Qeyd edilib ki, dünya iqtisadiyyatında baş verən ağır iqtisadi böhrana baxmayaraq, 2015-ci ili Azərbaycan iqtisadiyyatı mühüm müsbət iqtisadi göstəricilərlə başa vurdu. Həmçinin dünyada müşahidə olunan böhranın ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, son günlərdə dövlətimizin başçısı ölkədə devalvasiyadan sonra insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm sərəncamlar imzalayıb. Bazar iqtisadiyyatının metodları ilə çörəyin, unun, buğdanın qiymətləri stabilləşdirilib. Süni qiymət artımının qarşısını almaq üçün hökumətə ciddi tapşırıqlar verilib. Təklif edilən dəyişikliklərin çox vacib olduğunu deyən deputatlar bildiriblər ki, müzakirəyə təqdim olunan qanun layihələrinin qəbulu maliyyə sektorunda sabitliyi təmin edəcək. Eyni zamanda, əhalinin bank sektoruna olan inam və etimadını yüksəldəcək.
Müzakirələrdən sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov səsləndirilən fikirlərə münasibət bildirib.
Elman Rüstəmov bildirib ki, bu gün ölkədəki iqtisadi vəziyyət, makroiqtisadi sabitlik məsələləri Prezident İlham Əliyevin nəzarəti altındadır. Ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunması məsələsi gündəmdədir. Ölkədə makroiqtisadi sabitliyin təmin olunması onun gələcək inkişafının, siyasi sabitliyinin başlıca istiqamətidir.
Mərkəzi Bankın sədri vurğulayıb ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən yeni nəsil iqtisadi islahatların başlıca məqsədi iqtisadiyyatın dövlətdə rolunun azaldılması, dövlətin iqtisadi tənzimləmə rolunu gücləndirməsi fonunda yeni bir iqtisadiyyat, investisiya mühitinin formalaşdırılmasından ibarətdir. Bütün bunlar isə yeni islahatlar tələb edir. Bu istiqamətdə Azərbaycan Prezidenti tərəfindən ciddi, hesablanmış, koordinasiya edilmiş addımlar atılır.
E.Rüstəmov deyib: “Bu gün cəmiyyəti ən çox düşündürən məsələlərdən biri də makroiqtisadi sabitlik, manatın məzənnəsi ilə bağlıdır. Milli valyuta iqtisadiyyatı ifadə edən bir göstəricidir. Dünyada gedən iqtisadi proseslər, neftin qiymətinin dörd dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyə bilməzdi. Bu gün Azərbaycanın 40 milyard dollara yaxın vəsaiti var. Bu gün hətta neft ixracatçıları arasında bu cür ehtiyatlara malik ölkə tapmaq çətindir. İqtisadiyyatı yeni, dayanıqlı bir əsasa keçirmək üçün bu vəsait kifayətdir. Bu hansı müddətdə baş verəcək, nə qədər vaxt alacaq hələ bilinmir. Buna görə də bu ehtiyatlarımızdan səmərəli istifadə etməliyik.
Neftin qiymətində müşahidə olunan enmə şəraitində manatın kursunun stabilləşdirilməsi mümkün deyildi. Ona görə də beynəlxalq təcrübəyə uyğun olaraq dekabr ayında “üzən məzənnə”yə keçidə məcbur olduq. Bu gün başlıca vəzifəmiz manatın məzənnəsinin sabitləşdirilməsi baxımından bütün iqtisadi sistemi neftin 25-30 dollarlıq qiyməti ətrafında qurmaqdır”.
Valyuta mübadilə məntəqələri ilə bağlı məsələyə də toxunan sədr deyib ki, banklardan kənar fəaliyyət göstərən 200 mübadilə məntəqəsi bağlanıb. Bu gün bu əməliyyatların hamısı bank daxilində aparılır. Biz bazara kifayət qədər valyuta veririk.
Mərkəzi Bankın sədri bildirib ki, ajiotaj yaratmağa heç bir əsas yoxdur. Bu gün müxtəlif elektron resurslarda ciddi olmayan çağırışlar səsləndirilir, şayiələr yayılır ki, guya manatın kursu dəyişəcək. Bir dollar iki manat və ya beş manat olacaq. Bu cür fikirlərin heç bir əsası yoxdur.
Dörd qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra gündəlikdə duran digər qanun layihələrinə baxılıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişikliyə əsasən ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilir.
Qanun layihəsi qəbul edilib.
“Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında isə Z.Səmədzadə danışıb. Qeyd olunub ki, təklif edilən düzəlişə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edilir.
Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
İclasda “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb və qəbul edilib.
Daha sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim olunub. Dəyişikliyə görə, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
Qanun layihəsi qəbul edilib.
Milli Məclisin sədri növbədənkənar iclası bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.