MİLLİ MƏCLİSİN SƏDRİ PARLAMENT RƏHBƏRLƏRİNİN AVROPA KONFRANSINDA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 23-də Avropa Şurasının üzvü olan ölkələrin parlament rəhbərlərinin Avropa konfransının ikinci iş günündə Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmişdir. Parlamentin sədri yaxın vaxtlarda Milli Məclisin 90 yaşını qeyd edəcəyini, 1918-ci ilin may ayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, onun banilərinin və parlament üzvlərinin böyük bir hissəsinin Avropada təhsil aldıqlarını xatırlatmışdır.
Oqtay Əsədov 70 ildən sonra müstəqilliyini bərpa etmiş Azərbaycanın yenidən Avropaya üz tutmasının heç də təsadüfi olmadığını, totalitar rejimin məngənəsindən çıxmış ölkəmizin demokratik dəyərlərə yiyələnməsində Avropa Şurasının ona kömək etdiyini, Azərbaycanın demokratik prinsiplərin keşiyində dayanan bu nüfuzlu quruma üzv olmasının dövlətimizin uğurlarından biri olduğunu bildirmişdir. O demişdir ki, Avropa Şurasına qəbul olunmaq Azərbaycanın nəinki demokratik dövlət kimi tanınması deməkdi, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi dövlətimizin inkişafında yeni mərhələnin başlanğıcı idi.
Milli Məclisin sədri Azərbaycanda demokratik təsisatların inkişaf etdirilməsində, demokratik proseslərin və siyasi azadlıqların genişləndirilməsində, insan hüquqlarının müdafiəsinin beynəlxalq standartlara yaxınlaşdırılmasında Avropa Şurasının köməyini xüsusi vurğulamışdır. Avropa Şurasının rolunu təkcə qanunvericiliyin yeniləşdirilməsi və institusional islahatların aparılması ilə məhdudlaşmadığını deyən sədr, qurumun bunlardan daha vacib olan başqa bir rolunun insanların şüurunda və düşüncə tərzində baş verən köklü transformasiyadan ibarət olduğunu bildirmişdir.
Oqtay Əsədov çıxışında demişdir ki, demokratiya yalnız demokratik təsisatların qurulmasından, yaxşı qanunların qəbul edilməsindən ibarət deyil, eyni zamanda, demokratiya ilk növbədə və əsas etibarilə həyat və düşüncə tərzidir. Avropa Şurasının təsir dairəsi təkcə 47 üzv dövlətlə bitmir. Demokratiya, insan hüquqları və qanunun aliliyi sahəsində standartlar müəyyən etməklə Avropa Şurası dünyanın qalan hissəsində də siyasətə, qanunvericiliyə və praktikaya əhəmiyyətli təsir göstərir.
Avropanın bəzi ərazilərində Avropa Şurasının demokratik dəyərlərin keşikçi funksiyalarını yerinə yetirə bilmədiyini xatırladan O.Əsədov, bunu deyərkən davakar etnik separatizm nəticəsində dövlətlərin yuridiksiyasından özbaşına çıxmış qanunsuz əraziləri nəzərdə tutduğunu bildirmişdir. Milli Məclisin sədri demişdir ki, Avropanın bir hissəsində demokratiyanın, insan hüquqlarının və qanunun aliliyinin qorunması və inkişaf etdirilməsi üçün ölkələr həm fərdi, həm də Avropa Şurası tərkibində kollektiv məsuliyyət daşıyır. Ona görə də qurumun, eləcə də onun ayrı-ayrı mexanizmlərinin nüfuzunu və səmərələliyini qoruyub saxlamaq üçün ciddi düşünmək lazımdır. Bu məsələdə təsisatların üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayan O.Əsədov bildirmişdir ki, demokratiyanı, insan hüquqlarını və qanunun aliliyini parlamentsiz düşünmək qeyri-mümkündür. Parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını öz fəaliyyətinə geniş cəlb etmək, icra strukturları üzərində təsirli nəzarət həyata keçirmək, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır.
Avropa Şurasına üzv olan ölkələrin hər birinin özünəməxsus milli xüsusiyyətləri və bənzərsizliyi olduğunu xatırladan Milli Məclisin sədri AŞ-ın nüfuzu və gücünün də məhz bu müxtəlifliklərin ahəngdarlığı və vəhdətində olduğunu bildirmişdir.
Konfransdan sonra parlament rəhbərləri xatirə şəkli çəkdirmişlər.