MİLLİ QƏHRƏMAN RAMİZ QƏMBƏROVUN XATİRƏSİ YAD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Ramiz Qəmbərovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin prorektoru, professor Arif Şərifov çıxış edərək bildirmişdir ki, qəsbkar ermənilər tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından qaçqın düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, minlərlə şəhid vermişik. Qədirbilən xalqımız şəhidləri həmişə yad edir. Bu şəhidlərin bir qisminə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Onlardan biri də universitetimizin məzunu Ramiz Qəmbərovdur.
Məlumat verilmişdir ki, Ramiz Qəmbərov 1962-ci il uyulun 2-də Şuşada anadan olmuş, 1992-ci il aprelin 30-da qəhrəmancasına şəhid olmuşdur. O, 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra bir müddət kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Doğma şəhərinə qayıdaraq fəhlə, sonra isə mühəndis işləmişdir. İşləyə-işləyə təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirmişdir. 1988-ci ilin fevral ayından erməni təcavüzünə qarşı mübarizəyə qalxmışdır. 1992-ci ildə könüllülər batalyonu yaratmış və həlak olduğu günə qədər həmin batalyona başçılıq etmişdir. Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular və Göytala kəndlərinin müdafiəsində, Daşaltı, Şuşakənd, Xankəndi və s. yerlərdəki erməni quldur yuvalarının darmadağın edilməsində şücaət göstərmişdir.
Ölümündən sonra R.Qəmbərova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Natiqlər Ramiz Qəmbərovun qəhrəmanlığından danışmış, onun haqqında xatirələrini söyləmişlər.