SİYASƏT
Milli Qurtuluş Günü münasibətilə Sumqayıt kimyaçıları mitinq keçirmişlər
Sumqayıt, 14 iyun (AZƏRTAC). İyunun 14-də Milli Qurtuluş Günü münasibətilə “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun inzibati binanın qarşısında mitinq keçirilmişdir.
Mitinq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
AZƏRTAC xəbər verir ki, etilen-polietilen zavodunun qarşısındakı geniş meydançaya toplaşmış mitinq iştirakçılarının əllərində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, Azərbaycanın üçrəngli bayraqları, ölkəmizin müstəqilliyinin və azadlığının əbədi olduğunu ifadə edən şüarlar var idi. Mitinqdə çıxış edənlər böyük vətənpərvər, dahi siyasət və dövlət xadimi Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik, idarəçilik təcrübəsi sayəsində 1993-cü ilin iyun günlərində özünün böyük xilaskarlıq missiyasını yerinə yetirərək, Azərbaycanı böyük faciələrdən və ağır fəlakətdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etməsindən söhbət açmışlar.
Qeyd olunmuşdur ki, ulu öndər 90-cı illərdə ölkəmizi ağır böhrandan qurtararaq, tənəzzül etməkdə olan iqtisadiyyatı yenidən dirçəltmişdir.
Natiqlər bir daha diqqətə çatdırmışlar ki, bu gün məhz ulu öndərin müdrik iqtisadi siyasəti, uzaqgörən neft strategiyası sayəsində Azərbaycanın neft gəlirləri ölkəmizin müxtəlif sahələrinin, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafında son dərəcə mühüm rol oynayır.
Çıxış edənlər unudulmaz dahi rəhbərə minnətdarlıq hissi ilə bildirmişlər ki, məhz Heydər Əliyevin neft-kimya sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq respublikamızda hələ ötən əsrin 80-ci illərində qabaqcıl texnologiyalar əsasında yaradılmış “EP-300” , “Polimir-120” və nadir enerji kompleksi olan buxar-generator qurğularına sahib olmuşdur ki, bu gün məhz həmin qurğuların sayəsində ölkənin kimya sənayesi dünya bazarında tələbatın yüksək olduğu kimyəvi məhsullar istehsal edir.
Tədbirdə dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin ənənələrini uğurla davam etdirərək, Sumqayıtda neft-kimya sənayesinin inkişafı, onun müasir tələblər səviyyəsində yenidən qurulması üçün mühüm tədbirlər həyata keçirməsindən minnətdarlıqla danışılmışdır.
Tədbirin sonunda mitinq iştirakçılarının bəyanatı oxunmuşdur.