CƏMİYYƏT
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içmişlər
Bakı, 13 sentyabr (AZƏRTAC). Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içmişlər.
MTN ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev kursantları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, hərbi andın Vətənə, xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantı olmağa layiq görülmüş gənclər çətin və şərəfli peşənin sirlərinə yiyələnərək əsl zabit kimi yetişməlidirlər. Milli maraqların etibarlı təmin olunması sahəsində qarşıya qoyulmuş bütün vəzifələri peşəkarlıqla yerinə yetirməlidirlər. Bunun üçün daim öz üzərində işləmək, təhsildə və xidmətdə yüksək nəticələr göstərmək, nizam-intizamlı olmaq lazımdır.
Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışan İ.Allahverdiyev MTN-in Heydər Əliyev adına Akademiyasının təşkili və formalaşmasında ümummilli liderin misilsiz xidmətlərini qeyd etmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqəti və qayğını xüsusi vurğulamışdır. Bildirilmişdir ki, akademiyada kursantların və dinləyicilərin istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, klublar və İdman Sağlamlıq Kompleksi ən yüksək standartlara cavab verir.
İ.Allahverdiyev Akademiyaya göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Akademiyanın rəhbərliyi və şəxsi heyət adından dərin təşəkkürünü bildirmişdir.
Çıxış edən kursantlar ümummilli liderin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olduqları üçün qürur duyduqlarını bildirmiş, təlim-tədris və hərbi-fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz vermişlər.
Valideynlər də çıxışlarında Akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarının yüksək təhsil alacaqlarına və gələcəkdə hazırlıqlı zabit kimi yetişərək Vətənə layiqli xidmət edəcəklərinə əmin olduqlarını söyləmişlər.
Tədbirin sonunda Akademiyanın rəhbərliyi valideynlərlə görüşmüş, onları suallarını cavablandırmışdır.