“Mingəçevir-İzolit” ASC məhsullarının çeşidini və istehsalın həcmini artırır
Mingəçevir, 2 iyul (AZƏRTAC). “Mingəçevir-İzolit” ASC istehsal etdiyi məhsulların çeşidini və həcmini daim artırır.
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, zavod neft-qaz sənayesi və su-kanalizasiya sistemi üçün 40-2000 millimetr diametrli şüşə-plastik, içməli su və təbii qaz xətlərinin çəkilişi üçün ölçüsü 20-630 millimetr olan polietilen borular istehsal edir. Bundan əlavə elektrik-izolyasiya sahəsi üçün müxtəlif təyinatlı məmulatlar istehsal edən müəssisədə Türkiyə, Makedoniya və Çindən gətirilmiş müasir avadanlıq quraşdırılmışdır. ASC-nin kollektivi yeni istehsal sahələrinin yaradılmasını və məhsulun çeşidinin artırılmasını qarşıya məqsəd qoymuşdur.
Hazırda zavodda istehsalın artırılması üçün yenidənqurma işləri həyata keçirilir. Yaxın günlərdə müəssisədə 160-630 millimetrlik polietilen boru istehsal edən iki makinanın və məhsulların təkrar emalı üçün makinanın quraşdırılması nəzərdə tutulur. Hazırda 130 nəfərin çalışdığı zavodda yenidənqurma işlərindən sonra daha 70 nəfərin işlə təmin olunacağı bildirilir. ASC-nin məhsulları yerli bazara çıxarılır və yaxın vaxtlarda xarici ölkələrə də ixrac olunması nəzərdə tutulur.
Xatırladaq ki, 1963-cü ildən başlayaraq məhsul istehsal edən və 16 hektar ərazisi olan müəssisədə əvvəllər 1000-ə yaxın işçi çalışmışdır. Uzun illər fəaliyyətsiz qalan və yalnız 2007-ci ildə tam özəlləşdirilərək yenidən məhsul istehsalına başlayan zavod hazırda əsaslı şəkildə yenidən qurulur.