MİNGƏÇEVİR XƏBƏRLƏRİ
Xəzər dənizində batmış “Merkuri-2” gəmi-bərəsinin sağ qalan mexaniki Samir Novruzov zəruri tibbi müayinə və müalicədən sonra Mingəçevirə - Ağdam rayonundan qaçqın düşüb burada müvəqqəti məskunlaşmış ailə üzvlərinin yanına gəlmişdir. Şəhər icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri onun görüşünə gələrək, doğmalarına gözaydınlığı vermiş, maddi yardım etmişlər. Amansız fırtına, şahə qalxan dalğalarla 5 saat əlbəyaxa olan, yalnız yaşamaq eşqi və iradəsi ilə labüd ölümə qalib gələn Samir həmin faciə ilə bağlı təəssüratlarını danışmış, yoldaşlarının həlak olmasından dərin kədər hissi keçirdiyini bildirmişdir.
X X X
Mingəçevir SES-də yenidənqurma işləri başa çatdıqdan sonra enerji istehsalı artsa da, mövcud transformatorların bunu ölkəmizin vahid enerji sisteminə ötürməyə gücü çatmırdı. Azərbaycan Prezidenti Heydər Əliyevin bilavasitə tapşırığı ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Ukraynadan 200 meqavatlıq güc transformatoru alınıb stansiyada quraşdırılmış, beləliklə, problem aradan qaldırılmışdır.
SES-in direktoru Surəddin Şəmilov AZƏRTAC-ın müxbirinə demişdir ki, son vaxtlar Mingəçevir dəryaçasında suyun səviyyəsi 8,5 metr qalxdığından, hidroaqreqatlar tam gücü ilə işləyir. Bunun nəticəsində stansiyada gündəlik enerji istehsalının həcmi 330 meqavata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.