Mingəçevirdə aprel şəhidlərinin xatirəsi anılıb
Mingəçevir, 7 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu günlərdə Mingəçevirdə aprel şəhidləri Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımovla bağlı anım mərasimləri keçirilir, onların xatirəsi ehtiramla yad edilir.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” mövzusunda keçirilən mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə həsr olunan slaydlar nümayiş etdirilib.
Mərasimdə çıxış edən məktəbin direktoru Anar İsmayılov Aprel döyüşlərinin Azərbaycan Ordusunun yüksək vətənpərvərlik ruhunu əks etdirdiyini bildirib. “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir”, - deyə Anar İsmayılov vurğulayıb.
Tədbirdə şagirdlərin ifasında şəhidlərin döyüş yolundan bəhs edən səhnəciklər nümayiş olunub, şeirlər söylənilib.
Mingəçevirdən olan tankçı şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva deyib: “Məktəblilərin bu cür tədbirlərini izlədikcə, o günləri bir daha yaşayırıq. Mən bütün müəllim və şagird kollektivinə minnətdarlıq edirəm. Bu tədbirdə şagirdlərin timsalında 3 övladımı gördüm, onların çəkdikləri ağrı-acını bu şagirdlər bir daha canlandırdılar”.
Şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov şəhidlərin qanının heç vaxt yerdə qalmayacağına və düşmənlərdən onların qisasının tezliklə alınacağına əmin olduğunu deyib.
Qeyd edək ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin "2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı"na uyğun olaraq şəhərin bütün ümumtəhsil müəssisələrində Aprel döyüşlərinə həsr olunan tədbirlər keçirilib.