CƏMİYYƏT
Mingəçevirdə “ƏrToğrul” sənədli filminin nümayişi keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16630548034810343410_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630548034635127809_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1663054804543356416_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630548043645458854_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1663054804478044699_1200x630.jpg)
Bakı, 13 sentyabr, AZƏRTAC
Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” sənədli filmləri silsiləsinin bölgələrdəki nümayişi davam edir. “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmin növbəti nümayişi Mingəçevir şəhərində keçirilib.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzinin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayilov, “London-2012” Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, MOK nümayəndələri çıxış ediblər.
Qeyd olunub ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi Lənkəran, Bərdə və Bakıda da keçiriləcək. MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə İlham İsmayılova təqdim olunub.
Daha sonra Olimpiya çempionu Toğrul Əsgərova həsr olunan “ƏrToğrul” filmi izlənilib. Olimpiya çempionu görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Mingəçevir Dövlət Universitetində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, sentyabrın 5-28-də Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürüb.
Ölkəmizin bölgələrində təşkil olunan layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.