MİNİATÜR KİTABLAR MUZEYİNİN DİREKTORU HAQQINDA MİNİATÜR KİTAB
AZƏRTAC xəbər verir ki, “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru, əməkdar mədəniyyət işçisi, Azərbaycan miniatür kitabının respublikamızda və dünyada fədakar təbliğatçısı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Zərifə Salahovanın yubileyinə həsr olunmuş “ZS” adlı miniatür kitab yenicə işıq üzü görmüşdür.
23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları günü ərəfəsində Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının çap etdirdiyi kitab “Z.T.Salahovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə açılır.
Kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC), “Azərbaycan”, “Xalq qəzeti”, “Olimpiya dünyası”, “Cəmiyyət və qadın” qəzetlərinin, “El” jurnalının, Miniatür Kitab Muzeyi və onun direktoru haqqında materialları dərc olunmuşdur. Miniatür nəşrin böyük bir bölməsi 75 illik yubileyi ilə əlaqədar Zərifə Salahovaya ünvanlanmış təbrik teleqramları və məktublara ayrılmışdır.
Materialların, teleqram və məktubların müəllifləri arasında görkəmli dövlət, elm, mədəniyyət, incəsənət xadimləri, şair və yazıçılar, diplomatlar vardır.
“İndiqo” mətbəəsində nəşr olunmuş 272 səhifəlik miniatür kitabda 30-dan artıq rəngli şəkil verilmişdir.
######