MİQRANTLAR RUS DİLİNDƏN İMTAHAN VERƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, RF Federasiya Şurasında “Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” Qanuna düzəlişlərin layihəsi hazırlanmışdır. “Kommersant” qəzeti həmin layihənin mətninə istinadla yazır ki, layihədə miqrantlar üçün Rusiyada işləməyə və yaşamağa icazə alınması məqsədilə rus dilindən imtahan verilməsi qaydasının tətbiq olunması təklif edilir.
Qəzet yazır ki, hazırda bu cür test yoxlaması yalnız Rusiya vətəndaşlığı almaq üçün məcburidir. Federasiya Şurasının milli siyasət komitəsi tərəfindən hazırlanmış düzəlişlərdə nəzərdə tutulur ki, əcnəbilərin naturallaşmasının bütün mərhələlərində onların rus dilini bilmə səviyyəsi hökmən yoxlanılmalıdır. Dekabrın əvvəlində RF parlamentinin yuxarı palatasının geniş iclasında müzakirə edilmək üçün təqdim olunacaq qanun layihəsinin müəllifləri rus dilini bilmək haqqında sertifikatın RF ərazisində müvəqqəti yaşamaq üçün icazə və müvəqqəti pasport alınması üçün zəruri sənədlər siyahısına daxil olunmasını təklif edirlər. Bu tələb yalnız əmək miqrantlarına şamil ediləcəkdir, yəni sovet pasportu olan şəxslər, yaxud Rusiyada yaxın qohumları olan əcnəbilər imtahan verməli olmayacaqlar. Bu norma vətəndaşlıq hüququ hökumətin qərarı ilə təmin edilən şəxslərə də (məsələn, xarici ölkələrin görkəmli vətəndaşlarına) tətbiq edilməyəcəkdir.
“Dil senzi”nin qəbul edilməsini Federasiya Şurasında onunla əsaslandırırlar ki, aparılmış rəy sorğularına görə, bu gün RF əhalisinin 70 faizi əcnəbilərə çox pis münasibət bəsləyir, bunun səbəbi isə, senatorların fikrincə, məhz dil baryeri ilə bağlıdır. Senatorlar, həmçinin belə hesab edirlər ki, əcnəbilər Rusiyada müvəqqəti yaşamaq statusu ilə bərabər, bəzi sosial hüquqlar da (uşaqların təhsil alması hüququ, tibbi xidmət və pensiya hüququ) əldə etdiklərinə görə, “dövlət vəzifələr haqqında məsələ qaldırmaq, o cümlədən rus dilini heç olmasa minimal səviyyədə bilməyi tələb etməyə haqlıdır”. Əmək miqrantlarına münasibətdə rus dilini bilmək haqqında normanı Federasiya Şurasında təhlükəsizlik texnikası tələbləri və hüquq mühafizə orqanları ilə ünsiyyətdə olmağın mümkünlüyü zərurəti ilə izah edirlər. Qəzet yazır ki, işə qəbul zamanı rus dilini bilmək haqqında arayış təqdim edilməsi zəruri tələb olmayacaq, lakin əcnəbilər könüllü test yoxlamasından keçdikdə, onlara güzəşt kimi Rusiyada işləmək üçün icazənin qüvvədə olma müddətinin artırılaraq bir ildən iki ilə çatdırılması təklif olunur.
Miqrantlar üçün imtahanı 2007-ci ilin axırlarında təsdiq edilmiş TRKİ (rus dilindən xarici dil kimi test yoxlaması) üzrə Dövlət Proqramı əsasında keçirilməsi təklif olunur. Bu gün 160 ali məktəbin bu cür test imtahanı qəbul etmək hüququ var. Amerikada tətbiq edilən TOEFL testinin analoqu olan testdə rus dilini bilməyin “elementar” səviyyəsindən başlamış “sərbəst bilmək” səviyyəsinə qədər 6 mərhələli şkala nəzərdə tutulur. Miqrantın “elementar” səviyyəli sertifikat alması kifayət olacaqdır. Bunun üçün təqribən 780 sözdən ibarət lüğət ehtiyatı nəzərdə tutulur. Test özü təkcə məişətdə tətbiq edilən cümlələrin tərcüməsini deyil, həm də ölkəşünaslıq elementlərini, məsələn RF-nin dövlət quruluşuna bələd olmağı əhatə edəcəkdir. İmtahanın qiyməti 50 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Federal miqrasiya xidmətində senatorların təşəbbüsü ümumiyyətlə bəyənilmiş, lakin “bu cür arayışların hər küncdə-bucaqda satılacağından” ehtiyat etdiklərini bildirmişlər.