DÜNYA
Misirdə inqilabın üçüncü ildönümünün bayram edildiyi gün hüquq mühafizə orqanları ilə “Müsəlman qardaşları”nın tərəfdarları arasında toqquşmalar olmuşdur
Əmman, 25 yanvar (AZƏRTAC). Misir paytaxtının “Təhrir” mərkəzi meydanında ölkənin on minlərlə vətəndaşı “25 yanvar inqilabının” üçüncü ildönümünü qeyd edir. Meydana gələnlərin çoxunun əlində Misir bayraqları və müdafiə naziri Əbdülfəttah əs-Sisinin portretləri vardır. İştirakçılar Misirin baş komandanını qarşıdakı prezident seçkilərində öz namizədliyini irəli sürməyə çağırırlar.
“Təhrir” meydanına gələn bütün yollar polis və Misir hərbçiləri tərəfindən gücləndirilmiş rejimdə mühafizə olunur, bayramda iştirak etmək istəyənlərin hamısı bütün perimetr üzrə quraşdırılmış metalaxtaran qurğulardan keçir. Bir gün əvvəl olduğu kimi yenə də Qahirə səmasında hərbi vertolyotlar keşik çəkir.
Bununla belə Qahirənin ayrı-ayrı rayonlarında Misir polisi ilə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları arasında toqquşmalar olmuşdur. Asayiş keşikçiləri ilə ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” assosiasiyasının tərəfdarları arasında toqquşmalar sonuncuların Qahirənin bir sıra rayonlarında yürüşlər təşkil etmək cəhdlərindən sonra başlanmışdır. Kütləni dağıtmaq üçün polis onu daş-qalaq edən nümayişçilərə cavab olaraq suvuran qurğulardan və gözyaşardıcı qazdan istifadə etmişdir.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 25-də toqquşmalar nəticəsində 7 nəfər - onlardan 3-ü Qahirədə, 2-si Gizada və 2 nəfər Əl-Minyada həlak olmuş, 47 nəfər yaralanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman