Misirdə prezident seçkilərində səsvermənin ikinci günü başlanıb
Qahirə, 27 mart, AZƏRTAC
Misirdə prezident seçkilərində səsvermənin ikinci günü başlanıb. Yerli vaxtla səhər saat 09:00-da seçkim məntəqələri yenidən milyonlarla misirli üçün öz qapılarını açıb. Daha fəal seçicilər səsvermə məntəqələrinin açılmasına bir saat qalmış oraya gəliblər.
AZƏRTAC xəbər verir ki, Misir sakinləri gələcək dövlət başçısını iki namizəd arasından seçəcəklər. Dövlət başçısı vəzifəsinə iki namizəd iddia edir - seçkilərin favoriti, ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri Musa Mustafa Musa.
Səsvermənin birinci günü sakit şəraitdə və kifayət qədər fəal keçib. Seçicilərin yüksək fəallığı müşahidə olunub. Onların çoxu hələ səsvermə məntəqələri açılana qədər növbə tutublar. Səsvermə prosesində qadınlar xüsusi fəallıq göstəriblər. Misirin Milli Seçki Komissiyasının məlumatına görə, Qahirədə, Giza, İsgəndəriyyə, Qalubiyyə, Asyut və Asuan əyalətlərində, həmçinin Sinay yarımadasının şimalında və Misirin yeni inzibati paytaxtında seçicilərin yüksək fəallığı müşahidə olunub.
Səsvermə normal rejimdə, sərbəst və şəffaf keçir. Seçkilərin keçirilmə qaydası ilə əlaqədar ciddi şikayətlər və ya müraciətlər daxil olmayıb.
Ali dövlət vəzifəsinə seçkilərdə səsvermədə ölkənin 59 milyondan çox sakini iştirak edəcək. Ölkə ərazisində 13.706 seçki məntəqəsi açılıb. Misirdə prezident seçkilərini 18 mindən çox hakim, 54 yerli qeyri-hökumət təşkilatı və ictimai təşkilat, 9 beynəlxalq təşkilat, dövlət və hökumət qurumlarının 110 min qulluqçusu, habelə yerli və xarici KİV-lər müşahidə edirlər.
Səsvermənin üçüncü günü başa çatandan sonra səslər hesablanacaq və nəticələr aprelin 2-də elan ediləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə