İDMAN
Misirin “Əl-Masri əl-Youm” qəzeti “Bakı-2015” İlk Avropa Oyunlarından yazır
Qahirə, 11 iyun, AZƏRTAC
Misirin “Əl-Masri Əl-Youm" internet qəzetində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə dərc edilib.
Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Oyunlarla bağlı fikirlərinə geniş yer verilib. Nazir qeyd edib ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan dünyanın diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarının ölkəmizin ev sahibliyi etməsi barədə qərarın qəbulu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzunun artmasının parlaq göstəricisidir.
Məqalədə nazir Azad Rəhimovun bu mühüm idman tədbirinə hazırlıq prosesi barədə fikirlərinə də yer verilib, tikilən və yenidən qurulan müasir idman qurğuları barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, yarışların keçirilməsi üçün Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və s. yeni idman qurğuları inşa olunub.
Bildirilib ki, 6 mindən artıq atletin 253 medal dəsti uğrunda yarışacağı birinci Avropa Oyunları yaddaşlarda unudulmaz iz buraxacaq. Yarışlara idmanın 20 növü daxil edilib. Onlardan dördü - 3x3 basketbol, çimərlik futbolu, karate və sambo qeyri-Olimpiya idman növləridir. Oyunlar dünyanın 50-dən çox ölkəsində yayımlanacaq.
Məqalələrdə nazirin Azərbaycanın dünyada idman dövləti kimi tanınması, ölkəmizin 2016-cı ildə “Formula-1” Avropa Qran-pri yarışına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi edəcəyi barədə fikirlərinə də xüsusi diqqət yetirilib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
http://www.almasryalyoum.com/news/details/752432
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə