MOLDOVA İLƏ AZƏRBAYCAN ARASINDA ELM SAHƏSİNDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov ölkələrimiz arasında dostluq əlaqələrinin uzun illərdən bəri davam etdiyini, Moldovanın da Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın üzvü olduğunu vurğulayaraq, bu sahədə davamlı, məqsədyönlü islahatların aparılmasının vacibliyindən söhbət açmışdır.
M.Kərimov Azərbaycan elminin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmasının bu günün aktual məsələlərindən biri olduğunu söyləmişdir.
MEA-nın prezidenti, akademik G.Duka Moldovada elm və innovasiya sahələrində aparılan islahatlar haqqında danışaraq, elmin inkişaf etdirilməsi ilə bağlı məsələnin onun təmsil etdiyi ölkədə də aktual problemlərdən biri olduğunu bildirmişdir. Bu problemlərin ilk növbədə elm sahəsinə tələb olunan maliyyə vəsaitinin çatışmazlığından qaynaqlandığını bildirən alim, bütün bunların son nəticədə tədqiqatların intensivliyinin azalmasına, eksperimental bazanın köhnəlməsi və sıradan çıxmasına, ölkədən beyin axınının intensivləşməsinə, elmi potensialın qocalmasına, sahə elminin məhvinə, büdcə vəsaitinin səmərəsiz istifadəsinə və s. gətirib çıxardığını demişdir.
G.Duka yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində dövlət siyasətini rəhbər tutan MEA-da istedadlı uşaqlar üçün liseyin yaradıldığını, təhsil prosesində yeni strategiyaların və yüksək texnologiyaların tətbiqi istiqamətində işlərin aparıldığını bildirmişdir. Qonaq tədqiqat prosesində beynəlxalq standartlara uyğun yeni texnologiyaların yaradılmasını, bütün fəaliyyət sahələrində dövlət siyasətinin elmi əsaslarının, əhalinin həyat səviyyəsinin artırılmasının və təhlükəsizliyi təmin edən texnologiyaların yaradılmasının, ixracat məhsulları istehsalının, davamlı iqtisadi inkişaf şərtlərinin yaradılmasının akademiyanın qarşısında duran başlıca vəzifələrdən olduğunu söyləmişdir.
Sonra qonaq Azərbaycan alimlərinin suallarını cavablandırmışdır.
Görüşdə Moldovanın ölkəmizdəki səfiri İon Robu iştirak etmişdir.