“Molla Nəsrəddin” jurnalı insanları təhsilə, elmə, milli birliyə çağıran ideyaların carçısı idi
Naxçıvan, 20 aprel, AZƏRTAC
112 il bundan əvvəl nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biridir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrinin 112 illiyinə həsr olunan tədbirdə səsləndirilib.
Muzeyin direktoru Aləmzər İbrahimova tədbirdə çıxış edərək bildirib ki, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam aləmində də mühüm hadisə idi. Nəşr olunan hər yeni nömrə o zaman bütün Şərq dünyasında, ictimai dairələrdə böyük maraqla qarşılanırdı.
Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi, dosent Kamal Camalov “Mollanəsrəddinçilərin maarifçi görüşləri” mövzusunda çıxışında jurnalın insanları təhsilə, elm və tərəqqiyə, milli birliyə çağıran ideyaların carçısı olduğunu bildirib.
Muxtar respublikanın Əməkdar Mədəniyyət İşçisi, dosent Nəzakət İsmayılova “Mollanəsrəddinçi ədiblərimiz” mövzusunda çıxışında jurnalın daimi əməkdaşları Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli və başqalarının yaradıcılığından geniş söhbət açaraq vurğulayıblar ki, o dövrün görkəmli nasir, şair və publisistləri jurnalın səhifələrində fəal iştirak ediblər.
Tədbirin sonunda Naxçıvan Musiqi Kollecinin tələbələri jurnalda çap olunan məqalə və felyetonlar əsasında hazırlanmış kompozisiya göstəriblər.