DÜNYA
MOSKVA DÖVLƏT UNİVERSİTETİ ALTIİLLİK TƏHSİL SİSTEMİNƏ KEÇİR
Bakı, 29 sentyabr (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) 2011-ci ildə daxil olan tələbələr bu təhsil ocağını altı ildən sonra bitirəcəklər. Universitetin rektoru Viktor Sadovniçi sentyabrın 29-da bu barədə bildirmişdir. Bu, təhsil ocağının 2020-ci ilədək inkişafı barədə özünün yeni proqramında nəzərdə tutulmuşdur.
Rektor qeyd etmişdir ki, biz altı ildə yeni fərqli məzunlar hazırlamaq istəyirik. O təkcə ixtisası üzrə hazırlanmamalı, həm də geniş dünyagörüşə malik olmalı, müxtəlif əcnəbi dilləri bilməlidir. Bunun üçün isə altı il normal müddətdir. Həmin vaxtda əsl mütəxəssis yetişdirmək mümkündür.
Bundan əlavə, tələbə əgər istərsə magistr dərəcəsi də ala bilər. Təhsil ocağının inkişaf planında 100 magistr proqramı açmaq nəzərdə tutulmuşdur. Onların bir çoxu başqa ali məktəblərin bakalavrları üçün də mümkün olacaqdır.
MDU yeni standartlardan əlavə özünün diplomlarını da verməyə başlayacaqdır. Onların ilk nümunələri ali məktəbə 2011-ci ildə daxil olan abituriyentlərə təqdim ediləcəkdir.
Rektorun sözlərinə görə, bu diplomlarla qürur hissi keçirmək olacaqdır.