MOSKVADA MİQRASİYA MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada, Dövlət Duması Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə Rusiyanın milli təhlükəsizliyi kontekstində uzunmüddətli miqrasiya siyasətinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Çıxışlarda bildirilmişdir ki, miqrasiya getdikcə daha çox qloballaşan dünyada təbii prosesdir və buna hazır olmaq lazımdır. Rusiyaya uzunmüddətli miqrasiya siyasətinin vahid konsepsiyası lazımdır, çünki ölkəyə miqrantların axını ilbəil artır.
Dünya Antikriminal və Antiterror Forumu İdarə heyətinin sədri Anatoli Kulikov bildirmişdir ki, yaxın onilliklərdə MDB məkanının rusdilli sakinləri üçün xüsusilə cəzbedici olan Rusiyaya miqrasiya axını daha da güclənəcəkdir. Onun fikrincə, Rusiya miqrantların kütləvi surətdə gəldiyi və tranzit kimi istifadə etdiyi məkana çevrilmişdir. Təkcə 2007-ci ildə işləmək üçün 2 milyondan yuxarı icazə verilmişdir, lakin gizli əmək bazarının payı hələ də qalmaqdadır. Bəzi hesablamalara görə, qeyri-leqal işçilərin sayı 5-15 milyon arasındadır, 2010-cu ildə həmin rəqəm 19 milyona çata bilər. Qeyri-leqal miqrasiyanın təkcə vergi ödəməmək səbəbindən vurduğu iqtisadi ziyan ildə 8 milyard rubldan çoxdur. Hər il miqrantlar tərəfindən təxminən 250 milyard rubl ölkədən çıxarılır. A.Kulikov diqqəti əcnəbi vətəndaşların törətdikləri cinayətlərin xüsusi çəkisinə cəlb edərək bildirmişdir ki, hər il bu qəbildən cinayətlərin sayı 5-7 faiz artır. O demişdir ki, ötən il əcnəbi vətəndaşlar 50,1 min cinayət hadisəsi törətmişlər ki, onların da 90 faizindən çoxu MDB ölkələrindən gəlmələrin payına düşür. Əcnəbilərin də Rusiyada yaşayışının çətin olmasını vurğulayan məruzəçi demişdir ki, təkcə 2007-ci ildə təxminən 156 min əcnəbi hücuma məruz qalmış, 325 nəfər həlak olmuşdur.
Miqrasiya və onun Rusiyanın ictimai-siyasi həyatına təsiri məsələlərini müzakirə edən seminar iştirakçıları belə bir yekdil fikrə gəlmişlər ki, mövcud qanunları təkmilləşdirmək və miqrasiya proseslərinə dövlətin nəzarətini gücləndirmək lazımdır.