MƏDƏNİYYƏT
Moskvada “Zirvələr. Səmanın ovucunda” müasir Qafqaz incəsənəti sərgisi açılmışdır
Moskva, 16 iyun (AZƏRTAC). Moskva Mərkəzi Rəssamlar Evində “Zirvələr. Səmanın ovucunda” müasir Qafqaz incəsənəti sərgisi açılmışdır.
XIX-XXI əsrlər ustalarının rəsm, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi sənət janrlarında əsərlərinin nümayiş etdirildiyi ekspozisiya ziyarətçilərə Qafqaz mədəniyyəti ilə tanış olmaq imkanı verir.
Sərginin böyük hissəsi Osetiya mədəniyyətinə aiddir. Burada Azərbaycan, Moskva, Sankt-Peterburq, Osetiya, Kabardo-Balkar, Dağıstan, Gürcüstandan 116 müəllifin yaradıcılığı nümayiş etdirilir.
Azərbaycan rəssamları müxtəlif istiqamətlərdə və janrlarda əsərlər təqdim edirlər. Bu, Qərənfil Qurbanovun saxsı məmulatları, Ülvi Pepinovanın şüşə üzərində naxışlarının qeyri-adi rəng çalarları, Zaur Rzayevin zamanın hökmünə tabe olmayan əbədi dəyərlər mövzusunda heykəlləri, Cemma Səttarın qrafik portretləridir. Moskvalı rəssam Əsgər Məmmədovun əsərlərindəki parlaq Şərq motivləri, Yuran Məmmədovun rəsmlərində palitra rəngarəngliyi tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Gənc həvəskar rəssam Rüfət Tabasaranskinin əsərləri diqqəti xüsusilə cəlb etmişdir. MDU-nun məzunu və Yaponiyanın “SONY” korporasiyasının aparıcı əməkdaşı olan R.Tabasaranski hələ uşaqlıqdan rəssamlıqla məşğuldur. Şərq motivləri və rəngarəngliyi onu həmişə cəlb etmiş və rəssam bu xüsusiyyətləri özgür və qeyri-adi rəsmlərində vəsf etmişdir. Rəssam deyir ki, urbanistik, korporativ dünyadan, qayğılardan uzaqlaşmaq, yaratmaq, öz dünyasını qurmaq həvəsi onu fırçanı əlinə almağa vadar etmişdir.
Ekspozisiya “Mir Kafkaza” Mədəniyyətə Yardım Regional Fondu tərəfindən Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyi, Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Rəssamlıq Akademiyası və müasir incəsənətin inkişafını dəstəkləyən digər təşkilatların köməyi ilə təşkil olunmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva