Müasir müalicə metodları ilə uşaq onkoloji xəstəliklərindən tam sağalmağa nail olmaq mümkündür - MÜSAHİBƏ
Bakı, 15 fevral, Təhminə Verdiyeva, AZƏRTAC
15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu gün - ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən tibbi təqvimə daxil edilib. Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda da qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 400 min uşaq və 20 yaşınadək yeniyetmə xərçəng xəstəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.
AZƏRTAC-ın müxbirinin bununla bağlı suallarını Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının sümük iliyinin şöbə rəhbəri, ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə cavablandırıb.
- Uşaq Onkoloji Klinikasının fəaliyyəti haqqında məlumat verərdiniz.
- 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində ölkəmizdə ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda həmin klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, kompleks müalicənin bütün növləri mükəmməlliklə icra edilir, o cümlədən, kimya terapiyası, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.
- Ötən il Uşaq Onkoloji Klinikada neçə onkoloji uşaq qeydiyyata alınıb? Bu xəstəliyə erkən mərhələdə qalib gəlmək mümkünmü?
- Klinikada ötən illərin statistikasına əsasən, 2016-cı il üzrə 145, 2017-ci il üzrə 152, 2018-ci il üzrə 159, 2019-cu il üzrə 150, 2021-ci il üzrə 165, 2022-ci il üzrə 154, 2023-cü il üzrə isə 170 uşaq (birincili onkoloji xəstələr) müalicə alıb. Uşaq xərçəng xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5-1.5 faizini təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərdə xərçəng xəstəliyi qeydə alınır.
Onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların problemləri təkcə onların valideynlərinin problemləri deyil. Bunlar bütün səhiyyənin, dövlət və qeyri-dövlət qurumlarının, ümumiyyətlə, cəmiyyətin problemləridir. Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir və onlar böyüklərdə rast gəlinən onkoloji xəstəliklərdən çox fərqlidir. Bunların içində leykemiyalar, mərkəzi sinir sisteminin şişləri və limfomalar üstünlük təşkil edir. Böyüklərdə təsadüf edilən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi və s.) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalmaya nail olmaq mümkündür.

-Uşaqlar arasında ən çox rast gəlinən xərçəng xəstəlikləri hansılardır?
-Uşaqlar arasında ən çox rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir. Ümumiyyətlə, leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30 faizini təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr vardır ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

-Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbi nədir?
-Burada, əsasən, valideynlərin qeyri-sağlam həyat tərzi, onların müəyyən preparatlar qəbul etməsi, düzgün olmayan qidalardan istifadə edilməsi uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərən amillərdir. Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yarana bilər. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra bununla bağlı tədbirlər həyata keçirilir, yəni ana bətnində şişləri götürmək mümkün deyil. Körpə doğulduqdan sonra müayinə olunur, ona kimya terapiyası və cərrahi müalicə tətbiq edilir. Uşaqlarda xərçəng xəstəliyinin yaranmasında genetik səbəblər üstünlük təşkil edir. Böyüklərdə mədə, süd vəzi, prostat, uşaqlıq boynu xərçəngi çox aşkarlanırsa, uşaqlarda həmin klassik xərçəng növlərinə demək olar ki, rast gəlinmir. Bundan başqa, ətraf mühit amilləri, gigiyena və s. müəyyən qədər rol oynayır. Lakin uşaqlarda xərçəngin əmələ gəlməsinin əsas səbəbi xromosomlarda olan dəyişikliklər və genlərdə olan mutasiyalardır.

- Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu günlə bağlı Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikası hansı tədbirlər keçirir?
-Hər il olduğu kimi Milli Onkologiya Mərkəzi fevral ayında həm Dünya Xərçəng gününü, həm də Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Gününü qeyd edir. Bununla bağlı mərkəzimiz tərəfindən maarifləndirmə aksiyaları təşkil olunur. Həmin xəstəlikdən əziyyət çəkən uşaqların valideynləri ilə söhbətlər aparılır, ictimaiyyətin bu barədə maariflənməsi üçün məlumat kitabçaları hazırlanır. Həmin gün bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olmaq, bu xəstəliyə dair əhalinin maariflənməsinə təkan verməyə çalışır. Bu gün həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir. Fevralın 15-də bütün dünya bir araya gələrək uşaq xərçəng xəstəliyinin diaqnostikası və müalicəsinin prioritet məsələ olduğunu bir daha göstərir və milyonlarla uşağın və valideynin səsinə səs verir. Həmin gün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların əziz xatirəsini anır və xərçəngə qalib gəlmiş uşaqların cəsarətliyi və fədakarlığını qeyd edir.
