SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Aprelin 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadze arasında görüş keçirilmişdir. Danışıqlar zamanı regionda təhlükəsizlik, terrorizmlə mübarizə, hər iki ölkədə ordu quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Tərəflər bildirdilər ki, Azərbaycan Respublikası və Gürcüstan özlərinin milli maraqlarından, regiondakı coğrafi-siyasi vəziyyətlərindən və tarixən mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərindən çıxış edərək, hərbi sahə də daxil olmaqla, ikitərəfli sıx əməkdaşlığın inkişafına böyük əhəmiyyət verirlər.
Danışıqlardan sonra Gürcüstanın müdafiə nazirinin Azərbaycana rəsmi səfərinin nəticələrinə dair protokol imzalandı.
Sənəddə Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin və səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında əməkdaşlığın və səylərin əlaqələndirilməsinin əhəmiyyəti vurğulanır və tərəflərin bu sahədə GUÖAM çərçivəsində daha sıx əməkdaşlığa tərəfdarı olduqları bildirilir. Neft və qaz kəmərləri sisteminin təhlükəsizliyinin təmin olunması üzrə hər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin qurulması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilir və birgə tədbirlərin, o cümlədən neft və qaz kəmərlərinin qorunması üzrə ikitərəfli və çoxtərəfli təlimlərin həyata keçirilməsinin zərurliyi təsdiqlənir.
Protokolda bildirilir ki, tərəflər terrorizm və təcavüzkar separatizm və cinayətkar ekstremizm təhlükələrinə qarşı mübarizədə səylərin birləşdirilməsinin və bu sahədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarıdırlar.
Sənəddə həmçinin vurğulanır ki, müdafiə nazirlikləri arasında gələcək əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün tərəflər ikitərəfli ekspert qrupunun yaradılması haqqında razılığa gəlmişlər. Həmin qrup tezliklə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin və müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq proqramının hazırlanmasına başlayacaqdır.
Axırda müdafiə nazirləri Cənubi Qafqazda separatizmə və terrorizmə qarşı mübarizə, hərbi quruculuq və əməkdaşlıq məsələləri ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verdilər.
Görüşdə azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev və Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak edirdilər.