ELM VƏ TƏHSİL
Müəllimlərin diaqnostik qiymətləndirilməsi oktyabrın 29-31-də keçiriləcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Təhsil nazirinin “Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə” müvafiq əmrinə əsasən, oktyabrın 29-31-də Bakının dövlət ümumtəhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirilmədə iştirak etməyən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında keçiriləcək. Buraxılış şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. Şəxsiyyət vəsiqəsinin əslini təqdim etməyən şəxslər diaqnostik qiymətləndirilməyə buraxılmayacaq. Diaqnostik qiymətləndirilməyə qatılan müəllimlərin iştirak günü və saatı ümumtəhsil müəssisələrinin direktorlarına təqdim edilib. Müəllimlər qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməlidirlər.
Diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin siyahısı ilə BŞTİ-nin rəsmi saytında tanış olmaq olar.