MƏDƏNİYYƏT
Musiqili Teatr balaca tamaşaçılarını “Qırmızı papaq və Redmuzi” ilə sevindirib
![Musiqili Teatr balaca tamaşaçılarını “Qırmızı papaq və Redmuzi” ilə sevindirib](/files/2022/2/1200x630/16540767723732551843_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca teatrsevərləri “Qırmızı papaq və Redmuzi” müzikli ilə sevindirib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, məşhur “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Əmrah Dadaşovdur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadə (Qırmızı papaq) olub.
Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxıblar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşüblər.