MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASINDA SAMARALI QONAQLARIN KONSERTİ OLMUŞDUR
Konsertdən əvvəl Samara vilayətinin mədəniyyət və gənclər siyasəti naziri Olqa Rıbakova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişlər.
O.Rıbakova bildirmişdir ki, bu günü həm Samarada, həm də Azərbaycanda səbirsizliklə gözləyirdilər. Çünki Azərbaycanda Rusiya mədəniyyətinin pərəstişkarları çoxdur. Konsert proqramı bugünkü axşamla başa çatmır. Artıq sabah yaradıcı kollektitv İsmayıllı rayonunun İvanovka kəndinə gedəcək və Milli qurtuluş günü münasibətilə yerli sakinlər üçün konsert verəcəkdir.
Ə.Qarayev xatırlatmışdır ki, Azərbaycanda Samara vilayətinin mədəniyyət günləri ölkəmizdə Rusiya Federasiyası İli çərçivəsində keçirilir. Bu ili Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin açmışlar. O, Mədəniyyət günlərinin təşkilinə göstərdiyi köməyə görə Samara vilayətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Filarmoniyanın səhnəsində rus xarici ölkə bəstəkarlarının – Rimski-Korsakovun, Bramsın, Motsartın əsərləri səslənmişdir. Simli “Forte kvartet”in ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən vals alqışlarla qarşılanmışdır.