Müstəqil milli iqtisadiyyatımızın formalaşdırılması istiqamətində uğurlu elmi tədqiqat işləri yerinə yetirilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun yaradılmasının 62 ili tamam olur. Akademiya sistemində özünəməxsus yer tutan və Azərbaycanda iqtisad elminin inkişafına töhfə verən İqtisadiyyat İnstitutu şərəfli tarixi inkişaf yolu keçib.
AMEA-nın fundamental elmi mərkəzi olan institutda uzun illərdən bəri fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq və namizədlik dissertasiya şuralarında 900-dən çox namizədlik və 100-ə yaxın doktorluq dissertasiyası müdafiə edilib. Yüzlərlə monoqrafiya və kitab nəşr olunub. Müstəqillik illərində institut Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi tədqiqat işləri yerinə yetirib, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, hazırda elmi müəssisədə “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparılır. Bu məqsədlə işçi qrupları yaradılıb. Tədqiqat “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamından irəli gələn tədbirlərin icrasına əsaslanır.
Elmi müəssisədə 25 reytinq üzrə tədqiqat aparılır. Bunlardan dördü institutun öz məhsuludur. Aparılan tədqiqatlarla bağlı iqtisadiyyat və sosial istiqamətləri koordinasiya edən 20-dək dövlət qurumundan təklif və tövsiyələr daxil olub.
İnstitutun alimləri dövlət proqramlarının, strateji yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsində ekspert qismində də yaxından iştirak edirlər. Təkcə 2019-cu ildə institutun əməkdaşları tərəfindən 305 elmi əsər, o cümlədən 2 dərslik, 10 monoqrafiya, 245 məqalə nəşr edilib. İnstitutun əməkdaşları müxtəlif televiziya kanallarında, qəzetlərdə, elektron KİV-lərdə çoxsaylı çıxışlar edərək, ölkədə cərəyan edən sosial-iqtisadi proseslərə şərhlər verir, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların təbliğində fəal iştirak edirlər.
AMEA-nın İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi üzərinə düşən missiyasını bundan sonra da uğurla davam etdirmək əzmindədir.