CƏMİYYƏT
Müstəqillik, xilaskarlıq və birlik rəmzi
Bakı, 3 sentyabr, AZƏRTAC
Qədim və zəngin Azərbaycan dövlətçiliyi tarixində xalqımızın gələcək həyatına təsir edən amillərdən biri Ulu Öndər Heydər Əliyevin 1990-cı il sentyabrın 30-da keçirilmiş parlament seçkilərində həm Azərbaycan SSR Ali Sovetinin, həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi və fəaliyyətinin Naxçıvan dövründə qəbul edilən qərarlardır. Həmin tarix sadəcə muxtar respublika parlamentinə sədr seçilmək deyil, böyük siyasətə qayıdış, müstəqil Azərbaycan dövlətinin qurulması, xilası və xalqımızın birliyi yolunda vacib addımlardır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı söyləyib. O deyib: “Hələ sovet sisteminin, Kommunist Partiyasının mövcud olmasına baxmayaraq, 1990-cı il noyabrın 17-də ilk sessiya iclasında Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadələrinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikanın dövlət bayrağı olaraq qəbul edilməsi, bu bayrağın Azərbaycanın rəsmi bayrağı olaraq qəbul edilməsinin Bakıya tövsiyə olunması müstəqil dövlətin qurulması yolunda ilk addım idi. Naxçıvan Heydər Əliyevin liderliyində Azərbaycanın dövlət müstəqilliyinin təməllərinin atıldığı yer oldu. Bundan bir müddət sonra -1991-ci il fevralın 5-də Azərbaycan SSR adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Cümhuriyyətin bayrağı dövlət bayrağı olaraq qəbul edildi. Sovet hərbçiləri Azərbaycan ərazisindən ilk dəfə Naxçıvanda çıxarıldı, sərhədləri Azərbaycan hərbçiləri qorumağa başladı”.
Professor Musa Qasımlı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyətinin ən böyük nəticələrindən biri muxtar respublikanın düşmən işğalından qorunması oldu. O, Naxçıvanın dirçəlişi və xilasının rəmzi oldu.
“Fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qəbul etdiyi qərar oldu. Bu qərar göstərdi ki, xalqın qarşısına qoyduğu hədəflərə çatmasının başlıca şərtlərindən biri dünyanın harasında yaşamasından asılı olmayaraq onun birlik və bərabərliyidir”, - deyə professor Musa Qasımlı fikrini yekunlaşdırıb.