REGİONLAR
Muxtar respublikada 473 hektar sahədə yaşıllaşdırma işləri aparılıb
Naxçıvan, 11 yanvar, AZƏRTAC
2018-ci ildə Naxçıvan Muxtar Respublikasında 473 hektar sahədə yeni meyvə bağları salınıb, meşəbərpa tədbirləri həyata keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fakt Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev məruzə ilə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə sosial-iqtisadi inkişafın bütün sahələrində olduğu kimi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi sahəsində də dinamik inkişaf saxlanılıb, dövlətimizin ekoloji siyasəti uğurla davam etdirilib.
Qeyd olunub ki, ötən il ətraf mühitin mühafizəsi sahəsində 36 yoxlama-reyd aparılıb, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 24 protokol tərtib olunub.
Nazir deyib: 2018-ci ildə muxtar respublika ərazisində həyata keçirilən yaşıllaşdırma tədbirlərində 405 min 230 ədəd meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 2000 kiloqram müxtəlif meyvə toxumları əkilib. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində 30 hektar, Şahbuz şəhər təmizləyici qurğular sistemi ətrafındakı ərazilərdə 10 hektar, meşə fondu torpaqlarında 40 hektar sahədə yabanı meyvə toxumları, əsasən, badamça, həmərsin, yemişan, iydə, alça toxumları ilə əkin aparılıb.
Mayis Əliyev diqqətə çatdırıb ki, ötən il ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə insanların diqqətini artırmaq məqsədilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ekoloji maarifləndirmə tədbirləri də diqqətdə saxlanılıb və bu məqsədlə 200-dən çox kütləvi tədbirlər keçirilib, televiziya verilişləri, radio proqramları hazırlanıb.
Sonra nazirliyin əməkdaşları məruzə ətrafında çıxış ediblər.